Firuze
Bir anlıq düşünək: çox rahat nəfəs alırıq… Ehtiyacımız olan bu hava təbiətdə hazır şəkildə mövcuddur, onu hazırlamaq və ya əldə etmək üçün heç bir əziyyət çəkmirik. Əksinə, təbiətdəki yaşıllıqlar və okeanın dərinliklərində yaşayan xüsusi canlı orqanizmlər ehtiyacımız olan bu havanı təmin etmək üçün səfərbər olurlar. Biz isə bu havanı qəbul edirik. Yaşamaq üçün daim qida qəbul etmək məcburiyyətindəyik. Biz orqanizmimiz üçün nəyin xeyirli və ya nəyin zərərli olduğunu bilmirik. Amma bədənimizin ehtiyacı olan bu qidaların tərkiblərindəki zəngin vitaminlər, minerallar, zülallar təbiətdə hazır şəkildədir. Yediyimiz hər bir qidanın xüsusi dadı var, eyni zamanda, bir-birlərindən fərqli quruluşda və fərqli rəngdədirlər. Su da insan həyatı üçün çox əhəmiyyətlidir. Həm qidalanmada, həm də məişətdə istifadə olunan su insan əməyi olmadan kainatın yaranması ilə birgə xüsusi olaraq yaradılmışdır.
Təsəvvür edin ki, bir ziyafət masasında əyləşmisiniz və masada bir-birindən fərqli və müxtəlif çeşiddə qidalar var. Görünüşləri fərqli olsa da, hər birinin dadı eyni olsaydı necə olardı? Əlbəttə, görünüşləri xoşumuza gəlsə də, hər birindən eyni dadı alacağımıza görə, bu, heç də xoş olmazdı və yediklərimizdən zövq ala bilməzdik. Halbuki, hər bir meyvənin, tərəvəzin, yeməyin, bir sozlə, hər qidanın özunəməxsus dadı var. Ətrafımıza baxdıqda rəngarəng və şəffaf bir görüntü ilə qarşılaşırıq. Bu görüntü bir rəngdə olsaydı və bulanıq olsaydı necə olardı? Təbii ki, zövq almazdıq, hər şey çox bəsit olardı bizim üçün …

Ümumiyyətlə, təbiətdəki bu müxtəliflik insanın zövq almasına, sevincli və nəşəli olmasına səbəb olur. İnsan dünyaya gəldiyi vaxt ehtiyacı olan hər bir şeyi hazır şəkildə tapır. Məsələn, səmanın mavi rəngdə olması, güllərin xoş ətirləri, kəpənək qanadlarındakı rəngarənglik və xüsusi dizayn, quşların havada uçmaları, bir-birlərindən fərqli sevimli və gözəl canlıların olması, kainatdakı tarazlıq, xüsusi nizam, ətrafımızda sevdiyimiz insanların olması və saymaqla bitməyən sonsuz nemətlər Üstün bir ağılın və Üstün bir gücün, yəni ALLAH`ın əsəridir. Uca Allah yaratdığı hər şeyi sonsuz təfərrüatı ilə birlikdə var etmişdir. Bu böyük sənət başda insanın öz bədəni də daxil olmaqla, ətrafında gördüyü hər hadisədə, Allah`ın yaratdığı hər canlıda və kainatın hər yerində bütün canlılığı və ehtişamı ilə qarşımıza çıxır. ALLAH bir Quran ayəsində Onun nemətlərinin saymaqla bitirə bilməyəcəyimiz qədər sonsuz olduğunu belə bildirir:

Əgər Allah`ın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz (Nəhl surəsi, 18).

İnsanın ehtiyac duyduğu və sevdiyi hər bir şey insan hələ var olmadan əvvəl onun üçün hazırlanmışdır. İnsan yaradılmış bütün canlılar arasında düşünmək, qərar vermək, fikirləşmək, düşündüyünü tətbiq etmək, plan qurmaq, başına gələn hadisələrdən nəticə çıxarmaq kimi üstün xüsusiyyətlərə sahibdir. İstər öz yaradılışı, istərsə də yer-göy, bütün dünya və bütün kainatdakı yaradılış dəlilləri üzərində ağılla düşünən bir insan bu sonsuz nemətin Sahibinə qarşı daim şükür etməyin nə qədər vacib olduğunu qəti olaraq biləcəkdir.
İnsan ALLAH`a səmimi və candan bir qəlblə yönəldiyi zaman həm bədəni, həm də ruhu rahatlıq tapır. Çünki insanın ruhu ancaq mənəviyyatla, ALLAH eşqi ilə canlanır. Ancaq imtahan dünyasında yaşadığımız üçün, təbii ki, asanlıqla bərabər çətinliklər, pisliklərlə bərabər yaxşılıqlar, yoxsulluqla bərabər zənginlik də var. Heç sevmədiyimiz, arzu belə etmədiyimiz hər hansı bir hadisə ilə üz-üzə gələ bilərik. Bütün bunlara baxmayaraq, mənəviyyatın yüksək olması çox vacibdir. Bunun üçün isə ALLAH`a həddən artıq güvənmək, hadisələri hər zaman Quran əxlaqına uyğun tərzdə dəyərləndirmək və ALLAH`ı hər zaman gizli və açıq şəkildə zikr etmək çox əhəmiyyətlidir. ALLAH`ı zikr etmək insanın beyin hüceyrələrinə qədər yeriyərək onun bütün bədənində hüzura və həyəcana səbəb olur. ALLAH`ı zikr etmək həm ruha, həm də bədənə bərəkət verir.

İnsan istər çətinlik anında, istərsə də rahatlıqda, gizlində və aşkarda, varlıqda və darlıqda daim ALLAH`la bərabər olduğunu, ALLAH`ın hər şeyi onun üçün xeyirlə yaratdığını, qəlbimizdəki gizli niyyətlərə belə şahid olan tək Yaradıcımız və tək Dostumuz ALLAH`a hər zaman təslim olmağı və güvənməyi unutmamalıdır. İnsan mənəvi rahatlığı və hüzuru Rəbbimizi zikr etdiyi zaman əldə edir.

Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır (Rad surəsi, 28).

Firuzə HƏSƏNZADƏ