4293bd856e2e

Quba təkcə ağ almaları ilə öyünmür. Burada gedən abadlıq – quruculuq işləri, qədimliklə müasirliyin vəhdət təşkil etməsi göz oxşayır, vüsət alan sosial-iqtisadi tərəqqi prosesləri bu elin gələcəkdə də firavanlığının təmin olunacağını söyləməyə əsas verir. Ancaq Qubanın ən əsas, ən dəyərli sərvəti, əlbəttə ki, bu elin zəhmətkeş adamları, tərəqqipərvər vətəndaşlarıdır. Quba Azərbaycan tarixinə, elminə, mədəniyyətinə, ədəbiyyatına, siyasətinə görkəmli şəxsiyyətlər bəxş edib. Hər biri bir insan materialı kimi öyrənilməyə layiq bu şəxsiyyətlərin şərəfli siyahısında adı olan bir nəfəri də biz tanıyırıq.
Onunla siz də tanış olun: İsgəndərov Sahib Səfər oğlu 1942 – ci il fevral ayının 3 – də Quba rayonunda kolxozçu ailəsində dünyaya gəlmişdir. Böyük Vətən müharibəsinin şiddətlə getdiyi həmin ərəfədə atasını əsgərliyə çağırmışlar. Nənəsindən icazə alan atası yeni doğulan uşağın adını Sahib deyə çağırmışdır: “Böyük oğlum İsmayıl 41 – ci ildə müharibəyə gedib. Bir xəbərim yoxdur. Mən də gedirəm. Bəlkə yurduma bir uşaq sahib oldu”. Həyat yoldaşı, qızları bu ada etiraz etsələr də, Səfər kişi seçimini dəyişməyib.
Ürəyinə damdığı kimi də olur. Səfər İskəndərov müharibədən qayıtmır… Sahib Səfər oğlu dünyanı dərk edəndən anasını namaz qılan, evlərində babası Hacı Gəncəlinin Məkkədən 1915 – ci ildə gətirdiyi Quranı görüb. Anası həmişə ona halal yaşamağı tövsiyə edib. 1955 – 1956 – ci illərdə Quba rayon Zizik kənd 7 illik məktəbini bitirəndə anası ağır xəstə idi. O üzdən təhislini davam etdirə bilməyib. Anasını 1958 – ci ildə itirən Sahib bacılarına həm qardaş, həm də ata olub. 1964 – cü ildə özünə ailə qurdu. İki oğlu, bir qızı var. Hər üçü ailəlidir, hər üçündən nəvələri var. Şair xislətlidir Sahib İskəndərov. Həm də təvazökardır. Özünə şair deməyə utanır. Lakin yazdığı hər bir şeir onun ürəyindən qopan qəlpələrdir desək, yanılmarıq. Olduqca humanist, ürəyiyuxa, alicənab admdı Sahib kişi. Həm də cəsarətlidi, vətənpərvərdi, elinin, obasının təəssübkeşidi, qeyrətini çəkəndi. Onu yaxşı tanıyanlar, “çoxdanın adamları” – ağsaqqallar, ağbirçəklər bu kişinin fəzil insani xüsusiyyətlərini təsdiqləyir, göstərdiyi qeyrət nümunələrinə dair olmuş əhvalatlar danışırlar. …
İrəvandan millət qaçırmış. May ayının bir günündə tanımadığı bir nəfər qapını döyüb. Sahib kişi qapını açıb. Qonaq həyətə gəlib və ağlamağa başlayıb: “ Bir yoldaşım, 3 balam var. Balalarım qorxudan gecə yata bilmirlər. Ermənilər başımızı kəsəcək. Xahiş edirəm, mənə bir sığınacaq verin…” O vaxt Sahib kişi iki otaqlı, bir eyvanlı təzə ev tikibmiş. Qonağın ağlamağına ürəyi göynəyib və deyib: “Razı olmaram ki, müsəlmanın başını erməni kəssin. Get, ailəni gətir”…Bir neçə gündən sonra əllərində iki çanta gəliblər. Nələri varmış qalıb İrəvanda. Bir il birgə yaşayıblar. Sonra Bakıya köçüblər. “El elə sığar, ev evə sığmaz” – deyib atalar. Amma Sahib kişinin geniş qəlbinə Allah sevgisi sığıb ki, bu da bütün yaxşılıqların hərəkətverici qüvvəsidir. Allah yaxşılığının əvəzini verib Sahib babanın. Yaxşı insanları qarşısına çıxarıb onun. Dostluqları qohumluğa çevrilib 2015 – ci il yanvarın 3 – də onların qızını Sahib kişinin nəvəsi İqbala gəlin gəlib. Taleyin bu gözəl gərdişinə bir şeir həsr eləyib Sahib baba:

Qubaya deyirlər gülüstan – irəm,
Gələn yollarına çiçək səpərəm.
Ayağın altında qurban kəsərəm,
Jalə xanım Gülüstana xoş gəlib.

Sağa boylanırsan qarlı Şah dağı,
Sola boylanırsan meyvə bağları.
Sizlər olun kəndimizin qonağı,
Qohumlarım kəndimizə xoş gəlib.

Bir Allahdır kainatda ixtiyar,
Jalə, İqbal, siz olasız bəxtiyar.
Ömür yollarınız olsun həmavar,
Jalə xanım evimizə xoş gəlib.

Sərin keçir obamızda havalar,
Səmamızda ucur telli durnalar.
Allah sizə versin gözəl balalar,
Jalə xanım İqbalıma xoş gəlib,
Jalə xanım evimizə xoş gəlib. …

Nankor ermənilərin Qarabağa təcavüzü üzündən soydaşlarımızın Qarabağdan köçməkdə olduğu günlərdən birində İskəndərovların kəndinə Ağdamdan bir ailə – ata, ana, 2 oğlan, 1 qız pənah gətiriblər. Atanın Adi Qaçay, qızın adı Səyalı, oğlanın adı Qəhrəman olub. Bu dəfə də qeyrət göstərən Sahib kişi atasından qalan yurdu – suyu, qazı, işığı olan 2 mərtəbəli evi, 10 sot həyatyanı sahəni onaların istifadəsinə vermək qərarına gəlib. Fikrini başa düşən biri ona deyib: “Sən nə edirsən? Onlar qaçqındır. Sonra evdən çıxmayacaqlar”. Sahib kişi ibrətamiz cavab verib: “Onların evini erməni alıb, Qoy mənim evimi müsəlman alsın.Təki o evi tikib, orada yaşamayan atama rəhmət desinlər”… Qaçqınlar 2 il Sahibgilin ata evində yaşayıblar. Sonra sağollaşıb Bakıya, Keşləyə köçüblər. O gündən bu ailələrin bir-birindən hec bir xəbəri olmayıb…

Hazırda Quba rayonunun Zizik kəndində yaşayır Sahib baba. Dövlətimizdən çox razılıq edir: “Rəhmətlik, Ulu öndərimiz təmənnasız olaraq bizlərə torpaqlar, bağlar payladı. Şükür Allaha, hökümətimin sayəsində insanın yaşamasına lazım olan hər şeyim var”- deyən Sahib İskəndərov öz şeirlərində qədirbilənləri, haqq itirməyənləri tərənnüm edir:

Üşüyənlər bilər közün qədrini,
Anlağlılar bilər sözün qədrini.
Yaxşı insanların qədrini bilək.
O bir Allah bilsin düzün qədrini.

Gözəl insani keyfiyyətlərinə, həmişə söz sahibi olduğuna görə el ağsaqqalı Sahib İskəndərova dəvət olunduğu məclislərtdə həmişə yuxarı başda yer göstəriblər, daha doğrusu, onun oturduğu yer həmin məclisin yuxarı başı sayılıb. Oğul evləndirənlər, qız köçürənlər ondan xeyir – dua alıblar. Bir çox hallarda arzu-istəklərini poetik tərzdə ifadə edib Sahib kişi. Onun başqa üstün məziyyətləri ilə səsləşən şairlik qabiliyyətini qiymətləndirən ətrafdakılar, qələmə aldıqlarını ictimalişdirməyin gərəkliyini deyiblər. Lakin tez parlayıb “ulduz” olmaq istəyən “məhsuldar” şairlərdən fərqli olaraq, Sahib İskəndərov tələsməmiş, oxucularla görüşməyin məsuliyyətini dərindən dərk etmiş, “taxçada-boxçada” qalan, indiyədək işıq üzü görməyən şeirlərini dəfələrlə götürüb-qoymuş, onları fikir süzgəcindən keçirmiş, nəhayət ki, kifayət qədər həyat təcrübəsi toplayandan, ömrünün kamillik, müdriklik zirvəsinə çatandan sonra şeirlərini dövri mətbuatda dərc etdirmək qərarına gəlmişdir. Elə bilirdim ki, Sahib babamı çox əla tanıyıram. Amma onu oxuduqca, düşüncələri ilə tanış olduqca bildim ki, onu hələ əla yox, yalnız yaxşı tanıyırmışam. Düzü, bu gecikmiş kəşfimə bir az özüm – özümdən utandım da. Sözün əsl mənasında Sahib babanı yenidən kəşf etdim, onun həyata baxışlarında bir yenilməzlik, mərdlik, ədalətsevərlik gördüm. Elə yenilməzləri, mərdləri vəsf edir şeirlərində:

Güllələr altında qırpmadın gözün,
Hünər meydanında söylədin sözün.
Anadan əmdiyin müqəddəs südün,
Deyirəm, Mübariz, halaldır sənə!

Qeyrətli oğullar Vətənə gərək,
Səntək şəhidlərə min rəhmət deyək.
Ata süfrəsində yediyin çörək,
Deyirəm, Mübariz, halaldır sənə!

Mənfur düşmənlərə matəm çaldırdın,
Günahsız qanların heyfini aldın.
Rəhbərin verdiyi müqəddəs adın,
Deyirəm, Mübariz, halaldır sənə!

Allahın əmriylə taleh yazılar,
Şəhidin məzarı cənnətlik olar.
Bu gün uyuduğun o ana torpaq,
Deyirəm, Mübariz, halaldır sənə! (Halaldır sənə”)
Daim mənəvi ucalığa can atan, insanlığa tamam başqa tələblər verən şairin sevgi motivli şeirləri isə bir ayrı söhbətin mövzusudur. Bu sırada diqqətiçəkən məqam odur ki, şair əbədiyaşar, fədakar sevgini alqışlayır:
Belə söyləyirlər, belə deyirlər,
Qu quşları çüt yaşarlar həyatda.
Əgər bu çütlüyün biri məhv olsa,
O biri də ölər, qalmaz dünyada.

20 Yanvarda cəllad Qarbaçov,
Bakını döndərdi qan çanağına.
Ey igid İlhamım, gəlin Fərizəm,
Sizlər də oxşadız qu quşlarına.

Güllə atmayınız qu quşlarına,
Onlar yaralıdır, onlar cavandır.
Qoy qoşa uçsunlar mavi səmada,
Biri Fərizədir, biri İlhamdır.

Qəhrəman İlhamım, gözəl Fərizəm,
Adınız düşübdür dildən – dillərə.
Siz dastan yazdınız tariximizə,
Müstəqillik qaldı biz nəsillərə. (“İlham və Fərizə”)

Təbiət gözəlliklərinin vəsfi Sahib İskəndərovun yaradıcılığinda əhəmiyyətli istiqamətlərdən birini təşkil edir. Bu qəbildən olan poeziya nümunələrində o, təbiət hadisələrinə, xüsusilə də baharda təbiətin oyanışına, onları müşayiət edən xalq adət-ənənələri ilə eyni prizmadan yanaşır, insanla təbiət arasındakı harmoniyanı arzuların çiçəklənməsi üçün vacib amil hesab edir:
Bütün həyətlərdə yanır tonqallar,
Sevinir qocalar, gənclər, uşaqlar.
Azəri xalqına qəlbən deyirəm,
Novruz bayramını təbrik edirəm.

Allahdan arzumdu çörək bol olsun,
Subay balalarçün nişan, toy olsun.
Eşidək həmişə “Vağzalı” səsi,
Yağı düşmənlərin gözü kor olsun.

Bəzənsin xonçalar, oynayaq, gülək,
Şadlanaq, əylənək, sağlıqlar deyək.
Bu gün ölkədəki sabitlik üçün,
Heydər babamıza rəhmət diləyək.

Vətəni qoruyub saxlayacağıq,
Düşmən fitnəsinə uymayacağıq.
İlham cənabının rəhbərliyi ilə,
Doğma Qarabağı qaytaracağıq! (“Novruz”)

Sahib İsgəndərovun başçılıq etdiyi ailədə həmişə böyük – kiçiyin yeri bilinib, Ulu Öndərimiz Heydər Əliyevə, Onun layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyevə dərin sevgi, xüsusi rəğbət bəslənilib. Əliyevlər ailəsinə simpatiyalarının, inamlarının nəticəsidir ki, Sahib babasından irsi olaraq, şairlik qabiliyyəti əxz edən nəvəsi Səbinə Polad qızı Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya şeir yazıb:

Xalqın sevimli anası,
Əziz Mehriban xanım.
Mənim ürəyim, canım,
Hamının anasısan,
Məzlumun dayağısan.
Bu azad ölkəmizdə,
Əmin-amanlıq olsun.
Arzu-diləyim budur,
Sizi Allah qorusun.
Ən böyük zirvələrdə
Heykəliniz qoyulsun.
Siz məclisə gələndə
Şahlar ayağa dursun.

Ömrünün ahıl çağında, kamillik dövrünü yaşayan şair Sahib İskəndərovun poeziyası təravətini qoruyub saxlamışdır. İnanıram ki, bu şeirlərin dərc olunması onun həyat eşqini artıracaq, yaradıcı axtarışlara sövq edəcək. Arzu edirəm ki, bu poeziya nümunələri həm öz müəllifi, həm də oxucuları üçün həyatda bir düşərli talisman olsun.

Fəzli Kərəmoğlu