gunayxanim

11 aprel 2015-ci ildə gənc yazar, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin üzvü, “Axın” ədəbi birliyinin rəhbəri, BSU Yaradıcılıq fakültəsinin birinci kurs dinləyicisi Günay Həsənlinin “Eşq haqqı” adlı şeir kitabının təqdimat mərasimi keçirildi. Mərasim Bakı Slavyan Universitetinin konfrans zalında baş tutdu. İdarəsinin şairə Fərqanə Mehdiyevaya həvalə olunduğu tədbirdə Hacı Rafiq, Əli Əmirli, Cığatel İsaqızı, Əlişirin Şükürlü, İbrahim İlyaslı, Nəcibə İlkin, Narıngül Babayeva, Pərvanə Şəm, Aybəniz Əliyar, Fəxrəddin Meydanlı,
Çingiz Musayev, Rəhim Mehnət, Elxan Yurdoğlu
İlqar Bizəban, Balayar Sadiq və s. kimi Çağdaş ədəbiyyatımızın tanınmış simaları, ziyalılar, gənc yazarlar və Yaradıcılıq fakültəsinin dinləyiciləri iştirak etdilər.
Kitabın redaktoru gənc şair Gülnar Səma, korrektorları Sərvər Kamranlı, Elşad Barat, rəssamı Nəvai Mətin, ön sözün müəllifi şair İbrahim İlyaslıdır. şairə
Təbrik üçün söz alan tanınmış söz adamları gənc şairin yaradıcılığından, ədəbiyyatda tutduğu mövqedən danışıb, gələcəkdə daha böyük uğurlar, müvəffəqiyyət arzu etdilər. Tədbir iştirakçılarının marağını daha çox cəlb edən isə kitaba seçilmiş ad oldu. “Eşq haqqı” adını hərə bir cür mənalandırdı.
Yaradıcılıq fakültəsinin rəhbərliyi adından söz fakültənin dekan müavini Manaf Kərimov, metodist Sevinc Yunusluya, dinləyicilər adından isə Seyran İsmayılov, Gülnarə İsrafilqızı və Sevil İşığa verildi. Yaradıcılıq fakültəsinin birinci kurs dinləyiciləri Ülkər Piriyeva müəllifin kitabda yer alan “Zaman” və “Həyat budur”, Çinarə Ömray “Qovuşarıq” şeirlərini səsləndirdilər. Sonda sevincini paylaşdıqları üçün tədbir iştirakçılarına, xüsusən Bakı Slavyan Universitetinin rəhbərliyinə təşəkkürünü bildirən Günay Həsənli özünün “Dəli sevgilər” şeiri ilə məclisi yekunlaşdırdı.