11017528_447704908733924_2122182663440572457_n
Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

GÖYÜN ÜZÜ GÖY DİVARDI

Axşam düşür.
Qaranlıq pərdə kimi
Çəkilir pəncərəmə,
Qaralır evimin rəngi
Və tənhalıq başlayır…
Tavanı çökmüş evdi gözüm,
Damır, damır yanağıma.
Üzü sənə sarı
Yol da uzanıb,
Böyüyüb ayağıma.
Eeeh! Bircə bacarasan ölməyi,
Gözlərini sulu çəkəsən
Sənsiz, quru dünyadan.
Heyif…
Göyün üzü göy divardı,
Çıxmaq olmur bu dünyadan.
PƏNCƏRƏDƏN BOYLANIRAM

Pəncərədən boylanıram,
Ay güzgümdə aylanıram.
Yer üzü qadın qapısı,
Gecə yarı döymək olmur.
Göy üzü yadın qapısı,
Keçmək olmur,
Keçmək olmur…

Həmin yol, həmin küçədi,
Qarayanız bir gecədi.
Bu azalan adamların arasında
Bir sən yoxsan,
Bir mən yoxam.
İki oldu bu yoxluq.
Böyüdü, boyumdan da
Yekə oldu bu yoxluq.
Heç kim ilə bölünməyən
Tikə oldu bu yoxluq.
Ömrümdən sənsiz illərim
Meyvə kimi dəyib düşür,
Gözlərimi döyüb düşür.
Və beləcə…
Və beləcə
Ölüm məndən duyuq düşür.
Torpağın qara canına
Mənim boyda oyuq düşür.
ASARAM ÖZÜMÜ GÖYÜN ÜZÜNDƏN …

Buludların ac it kimi
Elə hürür ki, üstümə, İlahi,
Məni yağışın tutacaq.
Qapından qayıdır dualarım da,
Məni qarğışın tutacaq.
Ömrüm il – il tökülür,
Daşlayıblar ömrümü.
Bir ulduzsuz gecəyəm,
Bir kimsəsiz küçəyəm.
Bu dəlisov yağışlar
Xoşlayıblar ömrümü.
Eh! Daha əlimi açmaram sənə,
Eh! Daha əllərim qoynumda qalar.
Asaram özümü goyün üzündən,
İlahi, ölümüm boynunda qalar.
YAXŞI Kİ, GÖYƏ ƏL ÇATMIR

Dərzi əlinə düşmüsən, vətən,
Kəsibdi torpağını.
Nə iynəm var,
Nə sapım var.
Tikəmmirəm torpağına
Sənin Qarabağını…

Göydən
Qara-qara buludlar baxır
Göy üzündə ləkə kimi.
Yerdə çeynəyirlər səni,
Udulmayan tikə kimi.

Ağla, boşalt ürəyini,
Torpağı da alnı kimi
Qırış vətən.
Qarış-qarış
Bölüşdürübdülər səni.
Yığış, vətən,
Göyə köçək…
Yaxşı ki,
Göyə əl çatmır.
BƏTNİMDƏ BÖYÜYƏN ADAM

Bətnimdə böyüyən adam,
Bir ömür gözləyir səni.
Ömrün yaşına gələcək,
Həyat başına gələcək.
Qoy səni aldatmayım ki,
“Dünya xoşuna gələcək”…

Bətnimdə böyüyən adam,
Dünya bətnim kimi deyil,
Enişi var, yoxuşu var.
Bu dünyaya hər gələnin
Torpağa bir qapı açıb
Bu dünyadan çıxışı var.
Qapı-qapı qəbirlərini tanı,
Bunu, onu, o birlərini tanı.
Bizi saxlayır, böyüdür,
Dayədi bu dünya bizə.
Dünyadan ev olmaz, balam,
Kirayədi dünya bizə.

Bətnimdə böyüyən adam,
Müxtəsəri,
Anan mənəm, atan odu.
Evin budu, odan odu.
Səni hər gün əzizləyən
Bacın, qardaşın da var.
Daşın üstə daş qoymağa
Balaca daşın da var.
Ürəyimiz üzünə
Açılıbdı taybatay,
Gözləyirik aybaay.
Fərqi yoxdu, oğlan, ya qız,
Balamsan, balamsan, mənim.