11650883_963572620361161_53634984_n

Bir təsəlli ol, könlümü ovut sən,
Mən səni sevirəm, səndən xəbərsiz.
Bulaq olub ciyərimi soyut sən,
Mən səni sevirəm, səndən xəbərsiz.

Gəl dərdimin çarəsi ol sevdiyim,
Xoş günümün nəfəsi ol sevdiyim,
Gözlərimin giləsi ol sevdiyim,
Mən səni sevirəm, səndən xəbərsiz.

Dəniz olub dalğalanım eşqindən,
Mələk olub qanadlanım eşqimdən,
Sənin olub duyğulanım eşqindən,
Mən səni sevirəm, səndən xəbərsiz.

Götür məni sən getdiyin yerlərə,
Dönərəm mən sən sevdiyin güllərə,
Dolanaram çox sevdiyim gözlərə,
Mən səni sevirəm, səndən xəbərsiz.

Bu sevdanı gizlin çəkib yoruldum,
Xəyallarda əllərinə toxundum,
Röyalarda qəhərimdən boğuldum,
Mən səni sevirəm, səndən xəbərsiz.

Qovuşmamız mümkünsüzdür bilirəm,
Öz içimdə yanıb, yanıb sönürəm,
Ürəyimlə bacarmıram, ölürəm,
Mən səni sevirəm, səndən xəbərsiz.
Mən səni sevirəm, səndən xəbərsiz.