11149420_814346961975030_7057312539619506005_n

DOSTLARIM

Dost sözü dilimdə müqəddəs andım,
And içib,elə dost oduna yandım.
Ömrün etibarı,ilqarı sandım,
Dost üçün canından keçən dostları.

Bir dost ətəyidir hər sevən ürək,
Üz tutan,əli boş dönməsin gərək!
Dünyanın ən gözəl hədiyyəsi tək,-
Sevən ürəyimə köçən dostlarım.

Bu necə sevgidir,bu nə pir elə?
Dost qəmi adamı əridir elə.
Ruhumun ibadət yeridir elə,-
Ölüm aramızdan seçən dostlarım.

QƏRİB AYAQ İZLƏRİ

Yolların göz yaşıdır,
Qərib ayaq izləri.
Bu yolun harasında,-
Durub sayaq izləri?

Ah bu mizrab-sim belə,
Görməyib tilsim belə.
Bu yollara kim belə,-
Vurub dayaq izləri?

Şam tutub dərd-sərimdən,
Ruhum çıxır tərimdən.
Bu yumruq əllərimdən,-
Getməz bayraq izləri.