12091354_1653537131524991_3860076084131834097_o

BİZ GÖRÜŞƏ GƏLƏNDƏ

Qoca çinar açar bizə çətrini,
Lalə, nərgiz əziz tutar xətrini,
Kəpənəklər yayar sənin ətrini,
Biz görüşə gələndə.

Min arzulu, min nəğməli bu ürək.
Göy qurşağı eşqimizə bir dilək,
Nəğmə qoşar sevgimizə meh, külək,
Biz görüşə gələndə.

Buludlar da göydə salar hay-havar,
Gah boylanar, gah çəkilər ulduzlar,
Dil boğaza qoymaz əldə kaman, tar,
Biz görüşə gələndə.

Dağ çayıtək vüsal qovar hicranı,
Hanı kədər, hanı qüssə, qəm hanı?
Sevincimiz qərq eyləyər cahanı,
Biz görüşə gələndə.

29.12.2015.

ANAMIN ARMUD AĞACI

Əziz, sevimli anamın xatirəsinə

Qurudu anamsız armud ağacı,
Qurudu, dözmədi qəmə, həsrətə.
Kədərdən qəlbimi bürüdü acı,
Baş əydim ağacda olan qeyrətə.

Novruzun gəlişın ilk o, deyərdi,
Al- əlvan cətrini açardı bizə,
Bahar libasını ilk o geyərdi,
Ruzi, bərəkətin paylardı bizə.

Köksündə qaçardı beşik, nənnilər,
Onun meyvəsiydi nağıl, bayatı.
Gövdədən, yarpaqdan cırtdan, div enər,
Gəzməyə qorxardıq, axşam həyəti.

Uşaqlıq çağında keçən günlərim,
Həkk olub armudun cod gövdəsində.
Tökülən yarpaqlar şanlı əsərim,
Gizlənib küləyin həzin səsində.

Yetişən meyvələr Qorqud öyüdü,
Payladım türklərə, Oğuz elinə.
Cavanlar qocaldı,körpə böyüdü,
Qarışdı Hunların coşqun selinə.

Anamla əkizdi, o qızıl armud,
Rişəsi torpağın dərinliyində.
Cücərən pöhrələr təsəlli, ümid,
Boy atır ağacın sərinliyində…

28.12.2015.