rafiqoday

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist

HAQQ DEYƏN HAQQA QOVUŞAR

Hərə bir nəzərlə baxır,
Yoldan ötən hər dəliyə.
Çox da mənə bənd olmayın,
Mən də bu təhər dəliyəm.

Hər talenin öz nərdi var,
Gözlərim göyə nərdivan.
Gecənin gecə dərdi var, –
Açıldı səhər – dəliyəm.

Bilən olmaz nə gündəyəm,
«Harda»yam, «nə üçün»dəyəm.
Milyon dəli içindəyəm, –
Mən də bir nəfər dəliyəm.

Bir qaysağam qan adında,
Qoparın da, qanadın da.
Mələklərin qanadında,
Eylərəm səfər – dəliyəm.

Başdı – yüz qada sovuşar,
Ya tutar, ya da sovuşar.
Haqq deyən haqqa qovuşar, –
Geymişəm kəfən dəliyəm.

YAŞADIM

Düz əlli il ömür adlı,
Kürkün içində yaşadım.
Apaydın səma altında,
Bürkü içində yaşadım.

Xəbər yollayın Orxana,
Dünya özü bir zorxana.
Göz açandan nə qorxu, nə
Hürkü içində yaşadım.

Ümidi üzdüm yaşadım,
Canımdan bezdim yaşadım,
Yaşadım, düzdü, yaşadım,
Sürgün içində yaşadım.

Nə kimsəyə ərk eylədim,
Nə kimsəni görk eylədim,
Mənliyimi börk eylədim,
Börkün içində yaşadım.

Yada tutdum neçə il yön,
Ümid çıxdı puça min yol.
Heç deməzsən neçə milyon,
Türkün içində yaşadım.

Dost-doğma bildim müşkülü,
Sevdim-oxşadım püşkümü.
Ömür deyilən beş günü,
Bir gün içində yaşadım.