Photo Kenan

İstəməsən yaşamaram süzülən göz yaşı kimi,
Bircə zərrəm də od saçmaz Qobustanın daşı kimi.
Səpilmərəm bu torpağa ömrümün yetkin çağında,
Bir cənublu qardaşımın çatılan ağ qaşı kimi.
Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!

Gözəllərin tellərinə hörük kimi düzülməzdim,
Zərrə-zərrə, damla-damla bir sümüyə tökülməzdim.
Coşan qəlbim şair kimi dərd-kədəri unutmazdı,
Ruhdan cana, candan ruha dünən, bu gün süzülməzdim,
Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!

Misralardan süzülərək bu meydana gələrdimmi,
Unutdumsa qəm-kədəri, fəqət yenə gülərdimmi?!
Sevən dostlar arasında gülərüzlü şair kimi,
Açılan hər bir sabahda sevincimi bölərdimmi?!
Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!

Bircə nəğmə də yazmazdım laxtalanan o al qana,
Bağlanmazdım əsərimlə şükür deyən bircə cana.
Nurunun bir damlasını tökməsəydin göz yaşıma,
Dillərdə dastan olmazdı sözüm qalardı bir yana.
Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!

Bilməsəydim səmtini heç bu həyatda dolanmazdım
Çətinliyin qarşısında möhkəm durub qalanmazdım.
Namaz qılıb, səcdə edib, ruku edib müsəlman tək,
Varlığımla, vücudumla sənə bir QUL olanmazdım,
Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!

Şeirlərdə müdam səni bəlkə də salmazdım yada,
Yönəltməzdim fikrimi heç qara yaxan özgə, yada?!
Bilirəm ki,il uzunu “Leyli-Məcnun dastanı”nda,
Dərdlərinin üstünə də gəlməzdi yeni bir qada.
Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!

Günəşlə birgə sübh çağı namaz üçün oyanmazdım,
Qarşında QUL BƏNDƏN kimi mən kiçilib dayanmazdım.
Həqiqətdi, danılmazdı milyon insanın içində,
Ana yurdda təbiətin gözəlliyin duyanmazdım.
Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!