12985435_986875234742846_1048039984923505815_n

Eldar Rəşadla Təhminəni Qadirin evinə gətirdi. Təhminənin ağlamaqdan gözləri qızarmışdı.
Eldar da Fidansız keçirdiyi dəqiqələri biruzə verməsə də pis olurdu. Rəşad Təhminəni sakitləşdirməyə çalışırdı.
– Ağlama Təhminə. Dua elə ki, sağ-salamat alçağın əlindən qurtara bilək

Təhminə – Camal qisas üçün qayıdıb. Çox kinli adamdı. Siz onu mənim qədər tanımırsız.

Eldar Təhminənin sözlərinə əsəbləşir; – Kinli olub neyləyəcək? Öldürəcək?
Qadir Eldarı sakitləşdirir; – Camal ağılsız adam deyil. Onun hədəfi sənsən, Fidan deyil. Əsəbləşmək yersizdir. Sakit başla fikirləşmək lazımdır. Cin Həsənin gəlməyinə az qalıb. Amma….
Qadir Təhminəyə baxdı, sonra sözünü davam elədi: – Gəlin bacının burda olmağı yaxşı deyil. Rəşad – Hara aparaq? Təhminəni təhlükə altında qoya bilmərəm.
Eldar Rəşada – Düzü bu hadisə olmasaydı, Fidanla sizə şad xəbərimiz vardı. Mən bilirəm Təhminəni hara aparmaq lazımdır. Etibarlı yerdi.
Rəşad maraqla – Hara?
Eldar stul çəkib Təhminənin qarşısında əyləşdi.
– Siz burda olmayanda Fidanla ananın yanına getmişdik.
Təhminə həm təəccübləndi, həm də sevincdən gözləri parıldadı.
Təhminə – Anam sizi necə qarşıladı?
Eldar – Anan dedi ki, gələndə o, vəfasızı bura gətirərsən.
Təhminə sevinclə Rəşada baxdı. Sevincdən ayağa qalxdı.
Təhminə – Çox sağ ol Eldar. Sən həqiqətən böyük adamsan.
Eldar ayağa qalxdı. Təhminə bu dəfə sevincdən ağladı, Eldarı qucaqlayıb öpdü.
– Çox sağ ol. Çox sağ ol.
Rəşad – Sən başqa adamsan Eldar. Bu dünyanın adamı deyilsən. Əsl böyük adamsan
Eldar – Çox sağ olunuzu Fidana saxlayarsız. Nə edibsə məndən xəbərsiz o edib. Rəşad, sən Təhminəni anasının yanına apar. Mən Qadirlə Cin Həsəni gözləyərəm.
Rəşad Təhminəyə – Gedək. Tənminə çantasını götürdü, Rəşadla birlikdə evdən çıxdılar

***

Səfər bacısının əriylə görüşdüyünü biləndən əsəblərini cilovlaya bilmirdi. Artıq Kərim də gəlmişdi. Aybəniz divanda oturub ağlayırdı. Aynur qızıyla yataq otağında qulaqlarını qapıya söykəyib aşağıda gedən söhbətləri eşitməyə çalışırdılar.
Kərim – Madam bu əclafla barışmaq niyyətin varıydı, məhkəməyə niyə ərizə verirdin? Məqsədin nə idi?
Aybəniz – Boşanmaq fikrim vardı. Nə bilim, yalvardı, əl çəkmədi. Yolda rastlaşdıq, söhbət eləmək istədi.
Səfər hirsləndi, bacısının üstünə qışqırdı. – Yalan deyirsən. Əvvəlcədən görüş təyin eləmisiz.
Aybəniz – Niyə yalan danışım axı? Böyük adamlarıq, danışmaq istədi, danışdım. Burda nə var axı?
Kərim – Gərək restorana gedəydiz?
Aybəniz – Ay ata, peşmandı, tövbə etmişəm deyir.Mənim də bir qızım var. Oğlan olsaydı, deyərdim cəhənnəm. Qızdır axı, istəmirəm atasız böyüsün.
Kərim – Barışmaq istəyirsən? Lap yaxşı,axşam ver-veşini yığ, aparım evinə. Amma Aybəniz, çaşarsan üstümə şikayətə gələrsən.Öldürsə də canın çıxacaq öləcəksən.

Aybəniz ağlayırdı, görünür deməyə sözü yox idi

Səfər atasına – O əclaf bunu saxlayandı? Heç vaxt. Kişi uşaq qədri bilən olub! Onun planı başqadı. Görəcəksiz. Sonra deməyin Səfər bizi xəbərdarlıq eləmədi.
Kərim Aybənizə baxıb sözünü deyir; – Mən sözümü dedim. Çalış anan kimi olma, nə var düzünü danış.
Aybəniz – Mən düzünü danışıram ata. Həqiqətən mən ailəmin dağılmasını istəmirəm. Elçin and içdi, tövbə elədi.
Araya sakitlik hökm sürdü. Qapıdan ayrılan Lamiyə yatağında oturdu.
Lamiyə – Elçin başlarına oyun açacaq. Atasının məmur olduğunu bilənəcən almaq istəmirdi Aybənizi.
Aynur – Yəqin istefa verməyindən xəbəri yoxdu.
Lamiyə – Yəqin. Zaman niyə zəng eləmir mənə. Görəsən testin cavabı nə olacaq?
Aynur qızının Zamana zəng etməsinə icazə vermədi.
– Sən qəti Zamanı yığma. İndi Səfərin bütün fikri-zikri səndədir.
Lamiyə – Düz deyirsən. Heç olmasa sən yığ. Allah eləyə uşaq Səfərdən ola.
Aynur əsəbləşir, tərs-tərs qızına baxır: – Deyirəm utanmırsanda.
Lamiyə – Yaxşı, sən deyəndi, utanmıram. Zəng elə.
Aunur öz telefonuyla Zamana zəng edir
***
Aybəniz atasına verdiyi sualla sakitliyi pozur
– Evə qayıtmayacaqsan?
Kərim – Evə qayıtmaq nədi? Anandan boşanıram.
Aybəniz – Axı ata, niyə boşanırsız? Səbəbini deyin mən də bilim.
Səfər – Guya bilmirsən?
Aybəniz – Vallah bilmirəm. Nə anam bir söz deyir, nə də atam. Bilirsənsə Səfər, de bilim
Kərim – Ananın Təhminənin qaçırtmasından xəbərin vardı?
Aybəniz təəccübləndi; – Yoox.
Səfər – Bəs Fidanın?
Aybəniz – Nə danışırsız?

Səfərlə atası bir-birilərinə baxdılar.
Kərim – Bir balanın canına and iç ki, xəbərin yoxdu?
Aybəniz – Ata, balamın canına and olsun Fidanın, ya da o qadının adı nəydi, Təhminin qaçırılmasından xəbərim olmayıb. O vaxt elə bilirdim Fidan Səfərə xəyanət edib, onun üstündə ayrılıblar. Vəssalam
Səfərlə atası bir-birilərinə baxdılar. Aybənizin düz danışdığına inandılar.

Kərim – Anan Təhminəni də, Fidanı da oğurlatdırıb.
Aybəniz – Anam bunu necə bacarıb? Axı, sizə bunu kim deyib? Bəlkə anamın üstünə şər atırlar?
Kərim – Ananla dalaşdığımız gün yadındadı? O gün anan özü etiraf elədi.

Aybəniz eşitdiklərinə inana bilmirdi.
– Hələ də inana bilmirəm. İnanmaq istəmirəm. Anamdan hər şeyi soruşacam. Bura səni evə qaytarmağa gəlmişdim. Görürəm ki, ox yaydan çoxdan çıxıb
Kərim – Elçinlə bağlı yenə fikirləş. Nə qədər gec deyil, fikirləş.
Aybəniz ayağa qalxdı – Belə görürəm Elçindən də vacib problemlərimiz var. Atamla anamı həmişə özümə örnək bilmişəm.Onların da ailə həyatı mənimkindən betərmiş. Axşam zəng edəcəm.
Səfər – O əclafla bir dəfə danışacam
Aybəniz Səfərə cavab vermir. Çantasını götürüb evdən çıxır. Səfər də ikinci mərtəbəyə çıxır ki, Lamiyəylə anasını çağırsın. Lamiyənin dediklərindən sonra ayaq saxlamalı oldu. Lamiyə həyəcandan Səfərin ayaq səslərini eşitməmişdi.

– Deməli,cavablar birisigün çıxacaq. Həyəcandan əlim-ayağım əsir.
Aynur – Səni başa düşmürəm. Burda həyəcanlı nə var ki, həyəcanlanırsan? Uzağı uşağın kimdən olduğunu biləcəksən. Əlindən də başqa heçnə gəlməyəcək.
Lamiyə – Niyə gəlməyəcək? Gələcək. Fidandan uşağı asanlıqla alacam. Uşaq Səfərdən olsa, əlbəttə alacam. Ərinə desəm verəcək. Heç kim başqasının uşağını saxlamaz

Qapı açıldı, Səfər içəri girdi. Aynurun gözlərini qorxudan bərəldi. Lamiyənin rəngi ağardı, qorxudan titrəməyə başladı.
Səfər – Sən kimin uşağından danışırsan?
Lamiyə cavab verə bilmirdi
Aynur özünü ələ alandan sonra dedi:
– Tanışımız var, onun uşağından danışırdıq.
Səfər – Nə oldu elə, sizin tanışlarınızın adları Səfərlə Fidandır?
Aynur- Yox, sən tamamilə səhv eşitdin.
Səfər səsinin tonunu qaldırdı. – Qarşınızda uşaq yoxdur Aynur xanım. İndiysə məni qızınızla tək buraxın.
Aynur nə isə demək istəyirdi, fikrindən daşındı.
Qızına baxıb otaqdan çıxdı. Səfər qapını örtüb diqqətlə Lamiyəyə baxdı
Səfər – Eşidirəm. İzah elə görüm bu uşaq söhbəti nədi?
Lamiyə – Onsuzda sənə deyəcəkdim. Mən Fidanın uşağının səndən olduğuna inanıram.
Səfər təəccübləndi – Necə? Başın xarabdı sənin, ya özünü gic yerinə qoyursan? Bu ağlına hardan gəldi axı?
Lamiyə ağlamağa başladı – Məni qınama. Səni itirmək istəmirəm. Qısqanclıqdan, sənə olan sevgimdən ağlımı itirmişəm. Ona görə bu yola əl atdım. Əgər uşaq səndən çıxsa, o qadından uşağı alacam.Nə olsun mən doğmamışam. Razı olmaram sevdiyim kişinin uşağını başqası böyütsün.
Səfər – Ağlını başına yığ. Havalanıb eləmə. Onun uşağı ərindəndi. Niyə inanmırsan axı, mənim Fidanla aramda heç nə yoxdu. Bunu birdəfəlik başa düş.
Lamiyə – Axı, anangildə olanda zəng eləmişdi. Ananı soruşdu. Səni soruşdu məndən.
Səfər – Lamiyə, məni hövsələdən çıxarma. Fidana lazım olsaydım, guya ev nömrəmizi bilmir? Evə yığardıda. Başın xarabdırsa, de, aparım həkimə. Axmağın biri axmaq.

Səfər qapını açıb otaqdan çıxır.
****

Fidan oğlu Yaşarı birtəhər soskasını ağzına verib yatızdırdı. Havasızlıqdan boğulurdu. Camal hər şeyi yaxşı düşünmüşdü. Əsir saxlandığı otağın pəncərəsi də yox idi. Sussuzluq bir yana, həyəcan və qorxuyla bərabər yuxusuzluq da onu haldan salmışdı. Otağın qapısı açıldı, Camal içəri girdi. Fidan camalı görəndə qaşqabaqlı üzünü yana çevirdi. Camal bir-iki addım Fidana yaxınlaşdı.
Camal – Dediklərimi fikirləşdin?
Fidan Camala cavab vermədi.
Camal – Özünü naza qoyursan. Eybi yox, gec-tez özün istəyəcəksən. Onda deyəcəm sənə.
Fidan tər-tərs Camala baxdı: – Bu dəfə Eldara özüm deyəcəm səni öldürsün.
Camal kinayə ilə gülümsədi, dizləri üstündə oturdu.
– Eldara bu qədər arxayınsan? Bu dəfə səni tapa bilməyəcək. Yerin deşiyində də olsaz, tapa bilməyəcək. Madam Eldar bu qədər ağıllıdır, gözünün qabağındakı düşməni nə əcəb görməyib? Yox e Fidan, gec-tez mənə təslim olacaqsan. Gec-tez.
– O günü görməyəcəksən. Bilirəm gec-tez Eldar bizi xilas edəcək.
– Eldar ancaq sizin ölünüzü xilas edə bilər.

Camal ayağa qalxdı, otaqdan çıxıb qapını bağladı. Fidan səssizcdə ağlayırdı. Ürəyində dua edirdi ki, Eldar onları tez tapsın.
***
Rəşad maşını Təhminənin əvvəl yaşadığı məhləsində saxladı. Təhminə həyəcanlıydı. Rəşadın maşından düşməsini gözləmədi, məhləyə girdi. Anasının yaşadığı evin qapısını döydü. Şərifə qapını açanda artıq Rəşad Təhminənin yanındaydı. Şərifə qızını görən kimi qucaqladı. Təhminə də, Şərifə də ağlamaqdan danışa bilmirdilər. Rəşad da kövrəlmişdi.

***
Eldarla Qadir Cin Həsəni gözləyirdilər. Qapı döyüldüyünü eşidən Qadir qapını açanda qarşısında iki hündür kişi gördü. Kişilərin ikisinin də yaşı otuz beşi keçərdi. Kişilərdən biri sual Verdi: – Bizi Eldar çağırıb.
Qadir – Cin Həsən?
Cin Həsən – Mənəm.
Qadir – Buyurun.
Qadir Cin Həsəni və onunla gələn oğlanı içəri dəvət etdi. Eldar Cin Həsənlə əlnən görüşdülər.
Eldar – Xoş gəlmisiz.
Eldar oturmaq üçün yer göstərdi. Cin Həsən və onunla gələn kişi divanda oturdular. Eldar Qadirlə bir-birilərinə baxdılar.
***
Lamiyənin keçmiş sevgilisi evdə özünə heç cür yer tapa bilmirdi. Telefonunu cibindən çıxardı, harasa zəng etdi. Telefonu bir kişi götürdü.
Tahir – Alo. Necəsən? Nə oldu testin cavabı? Uşağın atası kimdir?
Dəstəyin o biri tərəfindən kişi Tahirə dedi; – Cavab birisigün çıxacaq. Arxayın ol, adamla özüm danışmışam. Dediyi pulu mən deyən vaxt gətirərsən.
Tahir– Narahat olma. Beş yüz manatı gətirəcəm. Bura bax, eşidirsən? Cavabların kopyasını almamış pulu vermirsən.
Kişi – Narahat olma. Tahir, xahiş edirəm, bu məsələdə bizim xəstəxananın adını çəkmə.
Tahir – Arxayın ol. Sadəcə o uşağın məndən olub-olmadığını bilmək istəyirəm.
Tahir telefona “adboy” Verdi.
Tahir – Bilirdim ki, o uşaq sağdır. Yaxşı Lamiyə, yaxşı. Mən sənin iç üzünü ortaya çıxardaram…

***
Şərifə qızı və yeznəsi üçün süfrə açdı. Evdə nə vardısa stolun üstünə qoyurdu. Ana kimi sevincdən nə edəcəyini bilmirdi. Əli-ayağı dolaşmışdı bir-birinə.Təhminə anasının əlindən tutub dedi: – Ana, daha bəsdi. Kökəlməyə gəlməmişik. Səni görməyə gəlmişik. Birdə bir-iki gün burda qalmalıyam.
Şərifə təəccüblə stulda oturdu.
– Rəşad qalmayacaq?
Təhminənin yerinə suala Rəşad cavab Verdi.
– Mənim bir-iki işim var. Başqa ölkəyə getməliyəm.Ondan sonar gəlib Təhminəni götürəcəm.
Şərifə – Fidan qızım niyə gəlmədi? Sözün düzü, biz başqa cür danışmışdıq.
Təhminə – Bilirəm ana. Fidan indi qohumlarıgildədir.
Şərifə təccüblə; – Qohumlarıgildə? Mən elə bilirdim Fidan yetimdir?
Rəşad gülümsəyir – Şərifə xala, ərinin qohumları elə Fidanın qohumları sayılırda.
Şərifə – Hə düzdür. Fikir verməyin, adam qocaldıqca başında huş qalmır. Yaxşı ki, vaxtında gəldiz. Yoxsa hazırlaşmışdım, gedəcəkdim.
Təhminə – Hara hazırlaşmışdın?
Şərifə – Sən tanımarsan, əmim nəvəsi var. Onun oğlu xəstəxanada yatır. Başında şiş var. Uzaq olsun, deyirlər dişisindəndir. Onu görməyə gedəcəkdim.
Təhminə – Allah şəfa versin. İstəsən mən də gələrəm. Gedə bilərəm Rəşad?
Rəşad – Əlbəttə, olar.
Şərifə – Çörəyinizi yeyin, yeməyinizi soyutmayın.

***
Səfər atasına Lamiyənin qısqanclıqdan Fidanın uşağının ondan olduğunu danışanda Kərim şübhəylə oğluna baxırdı.
Səfər – Bu hərəkətə qadın qısqanclığı adını verə bilmərəm. Axmaqlıqdır.
Kərim – Fidan bəlkə bizə doğrudan zəng edib?
Səfər – Axı, səbəb yoxdur. Niyə zəng eləməlidir?
Kərim – Nə bilim. Yaxşı, Lamiyə Fidanın uşağını harda görübdü?
Səfər atasının verdiyi suala cavab verə bilmədi. Oğlunun yerinə sualına Kərim cavab Verdi.
– Bu sualı arvadına vermək ağlına gəlmədi?
Səfər – Gəlmədi.
Kərim – Deməli, Fidan xəstəxanaya gəlib gedəndən sonra Lamiyə izləyibdi.
Səfər – Başqa cür mümkün deyil.
Kərim – Yüz faiz onlar görüşüblər. Fidan görüşə gələndə oğlunu da gətirib. Yəqin imkan tapıb uşağın saçından tük qopardıb.Nə bilim, ağlıma gələn variant budur.
Səfər – Tələsmə, DNT testinin nəticəsini gözləyək. Onda utandıracam onu.
Kərim – Səndə də mənim kimi dəvə səbri var bala. Lamiyənin anandan betər olmasından qorxuram. Mən indi həkimə getməliyəm. Şəkərimi yoxlatdırmalıyam.

Bu zaman Səfərin əl telefonuna zəng gəldi. Səfər telefonu cibindən çıxardı. Zəng edən Lətafət həkim idi.
Səfər atasına – Lətafət həkimdir.
Kərim – Xeyirdimi?
Səfər – Lamiyəylə müalicə götürürük. Yanına getməliydik. Tamam unutmuşam.
Səfər telefona cavab Verdi.
– Alo.
Lətafət həkim – Salam Səfər. Necəsən?
Səfər – Çox sağ olun Lətafət xanım. Siz necəsiz?
Lətafət həkim – Şükür, yavaş-yavaş. Səfər anangilə zəng elədim, telefona cavab verən olmadı. Özdə demişdim ki, mənə zəng eləsin. Yəqin evdə deməyiblər.
Səfər – Ev telefonu xarab olub. Siz anama nə vaxt zəng eləmişdiz?
Lətafət həkim – Dünən zəng eləmişdim. Deyəsən, səhv eləmirəmsə, yoldaşın cavab vermişdi. Sonra nə qədər zəng elədim, heç kim cavab vermədi.
Səfərin nitqi qurumuşdu. Lamiyənin sözlərini xatırlamağa başladı. Lamiyə ona zəng edənin Fidan olduğunu demişdi. Səfər indi anladı ki, Lamiyə ona yalan danışıb.
Lətafət bir-neçə dəfə “alo” deyəndən sonra Səfər fikirlərini topladı.
Səfər – Anama deyərəm, sizə zəng edər. Lətafət xanım, anamla niyə danışmaq istəyirdiniz?
Lətafət də Səfərə həqiqətləri deməkdə tərəddüd edirdi; – Yaxşısı budur ananla danışım Səfər. Sonra özü sənə hər şeyi deyər. Anana salam de. Sağ ol
Səfər – Sağ olun.

Səfər şübhəylə atasına baxdı: – Sən hara gedəcəkdin?
Kərim – Həkimə. Nə olub?
Səfər – Mən də Lətafət xanımın yanına gedəcəm.
Kərim – Lamiyəni də aparacaqsan?
Səfər – Tək gedəcəm. Çıxaq? Birinci sənin həkiminə gedək, sonra Lətafətin yanına.
Kərim – Sexə getməyəcəksən?
Səfər – Axşam tərəfi gedəcəm. Gedək ata.

Səfərlə Kərim evdən çıxanda Lamiyəylə Aynur pilləkənlərdən aşağı düşürdülər.
Aynur – Bunlar hara gedirlər belə?
Lamiyə – Səfər sexə gedəcəkdi. Kərim dayını bilmirəm.
***
Cin Həsən Eldarın danışdıqlarını diqqətlə dinlədikdən sonra bir qədər düşündü. Cin Həsən çox uzun düşündü. Qadirlə Eldar bir-birilərinə baxdılar. Eldarın səbri tükəndi,siqaret çəkmək üçün pəncərəyə tərəf getdi. Cibindən götürdüyü siqaret paçkasından bir siqaret qoydu damağına. Siqaretini yandıranda Cin Həsən də, yanındakı kişi də ayağa qalxdılar.
Cin Həsən – Sabah bu vaxtacan Camalı da, ona havadarlıq edən kimdirsə onu tapacam. Yerini sənə deyəcəm. Sabah bizi burda gözləyin.
Eldar hiss edirdi ki, bu adama güvənmək olar; – Gözləyəcəm.
Cin Həsənlə adamı getdilər.

***
Fidan artıq Yaşarı sakitləşdirə bilmirdi. Yaşar acından və sussuzdan ağlayırdı. Fidan da oğlunu sakitləşdirə bilmədiyi üçün ağlayırdı. Otağın qapısı açıldı, Camal ev sahibi ilə otağa girdilər. Fidan ağlaya-ağlaya Camalın yanındakı adam yalvarırdı: – Yalvarıram, özüm üçün yox, oğlum üçün su verin. Yalvarıram.
Camalın yanındakı adamın Fidana yazığı gəlir. Qorxusundan Camala biruzə vermir. Camal Fidana yaxınlaşır: – Uşağı ver mənə.
Fidan başını tərpədir, uşağı vermək istəmirdi. Camal cümləsini təkrarladı.
– Fidan, uşağı ver, yedizdirib gətirəcəm.
Fidan oğluna görə həyatda ən çox nifrtə etdiyi adamın qarşısında aciz olmuşdu.
– Gətirməyəcəksən, bilirəm.
Camal – Özün bilərsən. Oğlun da, sən də acından ölün.
Camal otaqdan çıxmaq istəyəndə Fidan məcbur qalıb dedi: – Razıyam. Allah səni bildiyi kimi eləsin əclaf. Razıyam.
Camal yanındakı kişiyə işarə etdi, kişi Fidana yaxınlaşdı. Fidan istəməsə də oğlunun xatirinə, ac qalmaması üçün oğlunu Camalın adamına verdi. Kişi Yaşar qucağında otaqdan çıxanacan Fidan oğlunun arxasınca baxa-baxa qaldı. Camal qapıya yaxınlaşdı. Fidana dönüb kinli baxışlarla baxıb dedi: – Oğlunu heç vaxt görməyəcəksən Fidan.
Camal otaqdan çıxıb qapını örtüb açarla bağladı. Fidan qapıya tərəf qaçdı, yumruqlaya-yumruqlaya çığırmağa, ağlamağa başladı… “ Yaşar” deyib çığırdı…

Ardı var…