em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

QURUMUR

Saçlarıma səpilir dən,
Gözlərimi tutubdu çən,
Anam köçüb gedən gündən,
Gözlərimdə yaş qurumur.

Qəm dönüb sinəmdə dağa,
Bülbül qonmur tay budağa,
Dönüb bir coşqun bulağa,
Gözlərimdə yaş qurumur.

Gəlmir tez-tez qohum-qardaş,
Günəş batır yavaş-yavaş,
Dərd yanımda qurub bardaş,
Gözlərimdə yaş qurumur.

Dilim öyrənibdi aha,
Ümidim itib sabaha,
Qəlbim, gözüm gülmür daha,
Gözlərimdə yaş qurumur.

Yollarımda dərd-qəm bitib,
Sevincim, xoş günüm itib,
Anam məni qoyub gedib,
Gözlərimdə yaş qurumur.

ON BİRİNCİLƏR

Sevimli şagirdlərimə

Gəlib vaxt yetişdi ömrün yazına,
Bir bax çiçəklərin işvə, nazına,
Aşıq mizrab vurur telli sazına,
Yenə dil açıbdı lal düşüncələr,
Sizə uğur olsun on birincilər.

Dönüb müəllimlər bir qızıl taca,
Uşaqlar az qalır quş kimi uça,
Al-əlvan bəzənib hər həyət-baca,
Nur saçır, parlayır yenə incilər,
Sizə uğur olsun on birincilər.

Baxın uşaqların təbəssümünə,
Şəfəqlər çilənir gülün üstünə,
Bir xatirə hopub hər aya, günə,
Xoş söz eşidəndə ürək dincəlir,
Sizə uğur olsun on birincilər.

Ağıllı, bilikli oldu hər biri,
Heç biri qalmadı həyatdan geri,
Biliklə açılır dünyanın sirri,
Çox sirrə vaqifdi bu günkü gənclər,
Sizə uğur olsun on birincilər.

Qızların hər biri sanki maraldı,
Sözləri şirindi, sözləri baldı,
Uşaqlıq çağları geridə qaldı,
Onları təbrikə gəlib qönçələr,
Sizə uğur olsun on birincilər.

Oğlanlar idmanı xoşlayır yaman,
Bu gün onlarındı bu geniş meydan.
Hər biri istəyir olsun qəhrəman,
Onlaı qorxuzmur indi “necə”-lər,
Sizə uğur olsun on birincilər.

Dumduru baxışlar yanar, nur ələr,
Qönçə çiçək kimi gülər çöhrələr,
Nə tüz ötüb keçdi qayğısız illər,
Oxuyub yazıblar uzun gecələr,
Sizə uğur olsun on birincilər.

Baxışlar vüqarlı, addımlar mətin,
Bilirlər zirvənin yolları çətin,
Onlardı sabahı xalqın , millətin,
Bir həzin nəğmədən ürək incələr,
Sizə uğur olsun on birincilər.

Yerdən də, göydən də məhəbbət yağır,
Günəş göy üzündən boylanıb baxır,
Ürəyim kövrəlir, göz yaşım axır,
Burda bəxt yazılar, yollar seçilər,
Sizə uğur olsun on birincilər.

Vallah xoşbəxtsiniz, bəxtəvərsiniz,
Sabaha açılan al səhərsiniz,
Bu da “Son zəng” -niz, deyib, gülün siz,
Bu gün nəğmə dinər, sevinc içilər,
Sizə uğur olsun on birincilər.