mayisexanim

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatı

Qonşumuz olmuş, Xalq rəssamı, rəhmət-lik Səttar Bəhlulzadəyə ithaf edirəm…

Yadımdadı, balaca bir qızcığazdım,
qayğılardan uzaq idim,
Həyatın sərt gərdişindən, dərd-qəmindən
iraq idim,
Oyanardım məhlədəki qoşa minarə məscidin
hər səhər azan səsinə,
Rəhmətlik İbad babamı da görərdim namaz
üstədi,
Üz tutub Haqq qibləsinə…
Dan yeri də ağarardı yavaş-yavaş,
O vaxt qorxardım gecədən,
Artıq yox olubdu təlaş…
Oyanardım günəş işiq saçan kimi,
Sevinərdim, tumurcuqlar açan kimi.
Çünki indi məktəbə yollanacaqdıq,
Sevimli Əlifbamızı hərfbəhərf, səbrlə
oxuyacaqdıq…
Görəcəydik biz qonşu Səttar əmini,
Rəssam da bizi görən tək atacaqdı
dərd-qəmini…
Deyərdi ki, balalarım, kim əgər “beş”
qiymət alsa,
onun rəsmini çəkəcəm,
Dünyanın rəng butasından ona çələnglər
hörəcəm!
Yığışardıq vaxt olanda Səttar əminin başına,
Hərdən təəccüb edərdik, uzun-uzun saçlarına,
Heyrət ilə biz baxardıq, rəssamın o fırça tutan
təkrarsız barmaqlarına!
Hərdən isə nə danışar, nə dinərdi,
Əlin çənəsinə qoyub, gözlərini qeybə dikib,
saatlarla düşünərdi…
Xəyalən dünyanı Səttar sehrli rəng butasında
parlaq mayaktək görərdi!
Sadə idi, heç sevməzdi şan-şöhrəti,
Rənglər dünyasıydı varı-dövləti…