Polad Sabirli

Ürəyimdə dağ olan kəs,
Kürəyimdə gəlib dağ ol.
Ay üzümə ağ olan kəs,
El içində üzüağ ol.

Daş, kəsək atma önümə,
Yetiş dada, çat ünümə.
Şərik oldun xoş günümə,
Pis günümə gəl ortaq ol.

Deyə-deyə yalan-palan,
Keçən keçdi oldu olan.
Mənəm yanan, qeydə qalan,
Yaxşı saydın məni, sağ ol.

Mən incidim, sən incimə,
Baxıb sevin, dürr, incimə.
Polad, qoşul sevincimə,
Xoşbəxt yaşa, min budaq ol.

27.05.2015