“Güney Azərbaycan ədəbiyyatı antologiyası” işıq üzü görüb

“Güney Azərbaycan ədəbiyyatı antologiyası” (Çağdaş dövr) 2016-cı ildə Bakı şəhərində “TEAS Press” Nəşriyyatı tərəfindən 364 səhifə həcmində 1000 tirajla işıq üzü görüb.
Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi və AMEA-nın Ədəbiyyat İnstitutunun birgə layihəsi “Güney Azərbaycan ədəbiyyatı antologiyası (Çağdaş dövr)” Antologiyada son 30 ildə Güney Azərbaycanda yazıb-yaradan yeni ədəbi nəslin 100-ə yaxın istedadlı nümayəndəsinin qısa tərcümeyi-halı və əsərləri toplanıb. Antologiyada xalq şeiri üslubunda, divan ədəbiyyatı tərzində, eləcə də son dövrlərdə Avropada yayılmış çeşidli ədəbi cərəyanların təsiri ilə yazıb-yaradan yazarların şeir və hekayələrinə yer verilib. Topluda geniş oxucu auditoriyasına tanış olan Rüqəyya Kəbiri, Kiyan Xiyav, Səid Muğanlı, Heydər Bayat, İsmayıl Ülkər, Hadi Qaraçay, Nadir Əzhəri, Məhəmmədrza Ləvai, Sayman Aruz, Ülkər Ucqar, Ramin Cabbarlı, Məliha Əzizpur kimi yazarlarla bərabər Toğrul Atabay, Məhəmməd Sübhdil, Murtuza Məcidfər, Nadir Paşazadə və digər ədiblərin də ana dilində olan əsərləri oxuculara ilk dəfə təqdim edilir. Topluda ötən əsrin 60-cı illərində Avropada formalaşan “Fləş Fikşn” (“Flash fiction”) üslubunda yaranan və minimalizmə, kiçik həcmə əsaslanan nəsr əsərlərinə, özündə postmodernizmin bəzi imkan və açılım-çevrilmələrini əks etdirən şeirlərə də rast gəlmək olar. İranda yazıb-yaradan yazıçı və şairlərlə eyni zamanda, dünyanın dörd bir tərəfində yaşayan güneyli gənc yazarların əsərlərində ədəbi fikrin mənzərəsi öz rəngarəngliyi ilə seçilir. Gənc şair və yazıçıların şeir və hekayələri yeni mövzu, forma axtarışları və yaradıcılıq eksperimentləri ilə seçilir. Güney Azərbaycan ədəbiyyatında özünəməxsus xüsusiyyətlər ilə birgə, Quzey Azərbaycan şeirinin və bir çox Türkiyə şairlərinin, özəlliklə də Nazim Hikmət şeirinin də üslubu hiss olunur. Yeni nəsil dil, nəşr və təbliğat imkanlarının məhdudluğuna baxmayaraq Güneydə öz milli varlığını təsdiq edib tanıtdırır, dünya ədəbiyyatının yeni meyillərinə qovuşmaq üçün ədəbi axtarışlarını davam etdirir. 364 səhifədən ibarət olan toplu çağdaş Güney Azərbaycan ədəbiyyatına dair mühüm poeziya və nəsr antologiyasıdır. Nəfis tərtibatla çap olunmuş bu zəngin antologiyanın tərtibatçısı və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlidir. Qeyd edək ki, antologiya Azərbaycan ədəbiyyatı üzrə mütəxəssislər, tələbələr və ədəbiyyatsevərlər üçün nəzərdə tutulub.

Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” qəzeti