“Avandsis” şirkətlət qrupu “Azərikimya”da treninqlərə başlayıb

“Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunda aparılan yenidənqurma və modernizasiya işləri, istifadəyə verilən yeni və müasir qurğular burada çalışanların biliklərinin təkmilləşdirilməsini zərurətə çevirib.
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim-Tədris mərkəzləri, eləcə də bu sahədə beynəlxalq təcrübəyə malik digər şirkətlər tərəfindən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirirlər. “Schneider Electric” şirkəti tərəfindən sertifikatlaşdırılmış “Avandsis” mühəndislik şirkətinin mütəxəssisləri oktyabrın 6-dan etibarən “Etilen-polietilen” zavodunun nəzarət ölçü cihazları və avtomatika sahəsinin işçiləri üçün treninqlərə başlayıblar. Təlimlərdə əsas hədəf partlayış təhlükəli texnoloji proseslərin beynəlxalq standartlar əsasında (IEC-61508/61511 standartları) təhlükəsiz cihazlı sistemlərə inteqrasiyasıdır.
Qeyd edək ki, “Avandsis” şirkəti “Schneider Electric” şirkəti tərəfindən ilk dəfə olaraq Azərbaycana təchiz olunmuş ən etibarlı təhlükəsiz cihazlı sistem olan TRICONEX sistemi üzrə yerli mühəndislər üçün təmənnasız treninqlər təşkil edir.
Təlimlər həftədə 2 dərs (1 treninq) olmaqla (ümumilikdə 4 treninq) bir ay boyunca davam edəcəkdir. Nəzəri və praktiki bölmələrdən ibarət treninqlərdən sonra iştirakçılar arasında test imtahanı keçiriləcək, yüksək bal toplayanlara müvafiq sertifikatlar veriləcəkdir.