Türkiyənin tanınmış sənətçisi, “Təhminə və Zaur” filmində yaratdığı “Təhminə” obrazı ilə tanınan Meral Konrat və rejissor Öner Kılıç, aktyor Emre Kızılırmak, digərlər sənətçilər, jurnalistlər şəhərimizdə qonaq olub.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi və “Bilik” Tədris Mərkəzinin birgə təşkil etdiyi səfər çərçivəsində xanım sənətçi və yaradıcı heyət yeni tikilən mədəniyyət müəssisələri ilə yaxından tanış olub, şəhərimizdə son bir ildə aparılan abadlıq, tikinti və quruculuq işləri haqqında məlumatlandırılıb.
Heydər Əliyev Mərkəzi və “Poeziya Evi”ndə olan qonaqlar görülən işlərdən heyrətlərini gizlətməyib, kiçik bir şəhərin sakinləri üçün belə bir şəraitin yaradılmasını alqışlayıblar.
Qonaqlar həmçinin Sumqayıt Dövlət Dram Teatrında olublar. Teatrda yaradılmış şəraitlə yaxından tanış olan sənətkarlar səhnədə tamaşaçılar qarşısında çıxış ediblər.
“Belə bir teatr səhnəsində məmuniyyətlə çıxış etmək istərdik”deyən sənətkarlar bu səfərin mədəni əlaqələrin inkişafında mühüm rol oynaya biləcəyini dilə gətiriblər. Tanınmış aktrisa Meral Konrat çıxış edərək, Sumqayıtda ilk dəfə olduqunu və gördüyü mənzərələrin onda xoş təəssürat yaratdığını bildirib.
Sumqayıt tamaşaçılarına xoş arzularını çatdıran sənətkarlar sonda xatirə şəkli çəkdiriblər.
Daha sonra Türkiyəli sənətkarlar yeni salınan şəhər bulvarı ilə tanış olublar. Bulvarda gəzintinin onlarda xoş əhval-ruhiyyə yaratdıını bildirən qonaqlar görüşün təşkilinə və mehriban qonaqpərvərliyə görə təşilatçılara öz təşəkkürünü bildirib.
Sumqayıt mədəniyyət işçiləri adından qonaqlara öz xoş arzularını çatdıran Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov dəvəti qəbul edib gəldiklrinə görə sənətkarlara öz təşəkkürünü bildirib, belə tədbirdlərin davamlı olacağını vurğulayıb.
Sonda Türkiyəli sənətçi Sumqayıtın yerli televiziya kanalı və informasiya vasitələrinə müsahibə verib.

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidməti