Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Əməkdar İncəsənət xadimi Əyyub Hüseynovun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib.
Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan gətirilmiş təsviri sənətin boyakarlıq bölməsinə aid 20 ədəd əsər nümayiş olunub.
Sərgidə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Sumqayıt şəhər İcra başçısının müavini Teymur Səmədov, şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru, rəssam Eyyub Hüseynovun oğlu Elnur Hüseynov və tanınmış rəssamlar, incəsənət xadimləri və digər qonaqlar çıxış edərək görkəmli rəssamın yaradıcılığı haqqında yüksək fikirlər ifadə edib, xatirələrini bölüşüb, belə tədbirlərin yüksək əhəmiyyətindən danışıblar.
Daha sonra qonaqlar rəssamın həyat və yaradıcılığına həsr olunmuş video-roliki izləyib, sərgidə nümayiş olunan əsərləri ilə yaxından tanış olublar.
Qeyd edək ki, görkəmli rəssam Eyyub Hüseynov daha çox zəhmət və kənd mövzusunda tablolar yaradıb, yaradıcılığının bütün dövrlərində mənzərə, portret, məişət janrlarına müraciət edib, özünəməxsus bədii xüsusiyyətləri, geniş rəng yaxmaları ilə seçilən üslub nümayiş etdirib. Onun əmək mövzusunda çəkdiyi “Kömək gəlib”, “Yaylaqda”, “Çobanlar”, mənzərə janrında “Şahbuz”, “Yağışdan sonra” əsərləri, o cümlədən, “Aşıq Ələsgər” və “Əmək qəhrəmanları” portretləri hazırda müxtəlif muzeylərdə saxlanılır.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti