Hər bir insan özünü dərk etdiyi vaxtdan hər hansı bir peşəyə sahib olmağı düşünür. Kimisi müəllim, kimisi həkim, kimisi polis, kimisi təyyarəçi, kimisi aşpaz, kimisi jurnalist və s. Bütün sənətlər gözəl və lazımlıdır. Sadəcə peşələr arasında elələri var ki, cəmiyyət tam olaraq həmin peşələrin fəaliyyəti üzərində formalaşır. Bunlar əsasən müəllimlik və həkimlik sənətləridir. Bir müəllim bir cəmiyyətin təlim-tərbiyəsi ilə məşğul olur, onu həyata hazırlayır. Bir müəllimin öz işinə məsuliyyətsiz yanaşması bir cəmiyyətin məhv olmasına gətirib çıxara bilər. Eləcə də bir həkim bir cəmiyyətin fiziki və mənəvi sağlamlığını təşkil edir. İnsan fiziki narahatçılığı olduğunda həkimə müraciət edir və şəfa tapır. İnsanın ruhsal durumunda problemlər olduğunda isə həm həkimlərin həm də müəllimləri üzərinə böyük bir məsuliyyət düşür. Belə ki, bir insan vaxtında düzgün təlim-tərbiyə sistemi keçmişdirsə, onun düşüncə tərzi də lazımınca sağlam və səmərəli olacaqdır. Sağlam düşüncəli insanların ruhsal problemlər yaşaması da az-az rast gəlinən problemlərdəndir. Yox əgər bir insan fiziki və yaxud ruhsal problemlər yaşayırsa o insanın müayinə və müalicəsi kimi çətin və məsuliyyətli iş verilir həkimlərin öhdəsinə. Bir həkimin öz işinə qayğı və sevgi ilə yanaşması cəmiyyətin fiziki və ruhsal sağlam gələcəyini təmin etmiş olar. Xüsusi ilə də həkimlik sənətinin ən çətin və məsuliyyətli sahəsi pediatriyadır. Pediatrlar bir insanı müalicə etməklə yanaşı gələcəyimizin sağlamlığına da zəmin yaratmış olurlar. Bir uşağın sağlam olması gələcək nəsilərin də sağlam başlayacağından xəbər verir. Sağlam insan sağlam düşünmək və sağlam davranış qaydalarına malikdir.
Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır. Bu gün haqqında söz açacağım nəcib insan da məhz həmin müqəddəs sənətin peşəkarı, əsil insan, əsil vətəndaş Fikrət Osmanovdur.
Fikrət Osmanov 14 iyun 1964-cü ildə İsmayıllı rayonu İstisu kəndində, müəllim ailəsində doğulub 1971 -1979-cu illərdə İstisu kənd orta məktəbində təhsil alıb, sonra 1980-1981-ci illərdə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbini bitirib. 1982-1984-cü illərdə Polşa Xalq Respublikasında hərbi xidmət keçib. 1985-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin pediatr fakültəsinə daxil olub. 1991-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə İsmayıllı Uşaq Xəstəxanasında həkim pediatr kimi işə başlayıb. 1997-2007-ci illərdə Uşaq Yoluxucu Şöbəsinin müdiri vəzifəsində çalışıb. 2007-2011-ci illərdə Uşaq Xəstəxanasının Baş həkimi, daha sonra Səhiyyə Nazirliyinin qərarı ilə Respublikanın əksər rayonlarında o cümlədən də İsmayıllıda uşaq xəstəxanaları, uşaq şöbələri kimi fəaliyyət göstərməyə başladı. Həmin müddətdən etibarən yenidən Uşaq şöbəsinin müdiri vəzifəsinə təyin edilən Fikrət Osmanov 2015 ildə İsmayılı Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bu gün rayon sakinləri və hətta qonşu rayonlardan da onun yanına xəstələr gəlir və şəfa tapırlar. Onu insanlara bu qədər doğma edən isə məxsusi keyfiyyətləridir.
Fikrət həkim hər bir xəstənin öz dilində danışmağı bacaran, hər bir xəstənin çəkdiyi acıları onunla bir yerdə yaşayan xeyirxah, alicənab insandır. Onun tanıdığım ilk zamanlardan barəsində yalnız xoş sözlər eşitmişdim. Xəstəxanaya getdiyimdə isə eşitdiklərimin və hələ bir qədər də artıq xeyirxahlığının şahidi oldum. Xəstəxanada yaradılmış bütün şəraitdən səmərəli istifadə edərək xəstələrin rahatlığı üçün əlindən gələn hər bir yaxşılığı edir. Bəllidir ki, dövlətimiz vətəndaşların rifah halının yaxşılaşdırılması üçün bütün növ lazımı tədbirləri görür. Dövlətimizin tibb sahəsində gördüyü tədbirlər çərçivəsində Respublikanın bütün şəhər və rayonlarında olduğu kimi İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında da bütün növ müasir tibbi avadanlıqlarla təmin edilib. Hər bir vətəndaş kimi İsmayıllı sakinləri də dövlət qayğısından kənarda qalmamışdır.
Həmin diqqət və qayğını xidmət olaraq biz sakinlərə göstərən isə həkimlərimizdir. Sakinlərin səhhətinin keşiyində dayanan Fikrət Osmanov da məhz öz üzərinə vəzifə olaraq götürdüyü nəcib peşənin öhdəsindən tam məsuliyyətlə gələrək ictimaiyyətin hörmət və ehtiramını qazanmışdır. Təbiidir ki, hər bir etimadı qazanana qədər adamın yolu müəyyən bir çətinlikdən, müəyyən bir əziyyətlərdən keçir. Əsas odur ki, həmin əziyyətlərə qatlaşaraq digərlərinin fiziki və mənəvi sağlamlığına təmənnasız xidmət edən Fikrət həkimi biz də tanımağımıza çox şad olduq. Nə yaxşı ki, Fikrət həkimin timsalında adını qürurla söyləyə biləcəyimiz əsil Azərbaycan həkimləri vardır. Sonda göstərilən diqqət və qayğıya görə Dövlətimizin Başçısına və dəyərli həkimlərimizə dərin minnətdarlığımı bildirirəm.

Elnarə GÜNƏŞ.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
İsmayıllı şəhəri üzrə xüsusi müxbiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü