“Odlar Yurdu Azərbaycan” adlı müsabiqə keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin, Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Sumqayıt komitəsinin, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Dövlət Rəsm Qalereyasının və Şəhər Mədəniyyət Evinin və birgə təşəbbüsü ilə “Odlar Yurdu Azərbaycan” adlı müsabiqə keçirilib.
Sumqayıt Dövlət Rəsm Qalereyasında gerçəkləşən müsabiqənin keçirilməsində əsas məqsəd regionlar arasındakı istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxartmaq, sənət mübadiləsi yaratmaq, gənc nəslin yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir.
Rəsm nominasiyası üzrə 14-17 yaş arasında keçirilən müsabiqədə Sumqayıt şəhər Bülbül, Ə.Bakıxanaov və S.Rüstəmov adına uşaq incəsənət məktəblərinin, Nizami Gəncəvi adına Kitabxana Klubun, Sumqayıt Dövlət Rəsm Qalereyasının və Nigart Studiya rəsm dərnəyinin şagirdləri, Uşaq Yaradıcılıq və Yeniyetmələr Mərkəzinin, Dostluq və Şəhər Mədəniyyət Evinin dərnək şagirdləri, Abşeron, Xızı, Qubadlı rayon Mədəniyyət Evlərinin dərnək şagirdləri, eləcə də Saray və Qobu uşaq incəsənət məktəblərinin şagirdləri iştirak ediblər.
Münsiflər heyətində Əməkdar İncəsənət Xadimi Vaqif Nəzirov, Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin sədri şair Əşrəf Veysəlli, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyyə Üzrə Tədris-Metodik Mərkəzinin təsviri sənət şöbəsinin metodisti İntiqam Babayev, Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun baş məsləhətçisi Pərvin Rəsulov təmsil olunublar.
Müsabiqədə 4 rayon üzrə iştirak edən 45 şagird milli geyimli qızın, natürmortun, göyərçin maketinin və musiqi alətlərinin kompazisiyasını naturadan çəkiblər.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov tədbirə qatılaraq kiçik rəssamları təbrik edib, xoş arzularını çatdırıb. O bildirib ki, artıq regionalrarası tədbirlər bundan sonra silsilə xarakter almalı və belə tədbirlər davamlı olaraq keçirilməlidir.
Sonda qaliblər diplomlarla və hədiyyələrlə mükafatlandırılıb.
Tədbirdə Səhər Mədəniyyət Evinin “Buta ” ritm qrupunun və Kamil Ağazadənin ifasında musiqi nömrələri səsləndirilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti