«Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunun Etilen istehsalatındakı Butan-butilen fraksiyasının hidrogenləşməsi qurğu sahəsində 1 mart – Ümumdünya Mülki Müdafiə günü münasibətilə “Mülki müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda geniş maarifləndirici tədbir və obyekt mülki müdafiə məşqi keçirilmişdir.
“Azərikimya” İB-nin Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri, o cümlədən kimya kəşfiyyatı və qazdan xilasetmə manqaları, mərkəzi labaratoriya nəzarət şəbəkəsi, xilasetmə briqadaları, sanitar post, “Kimyaçı” poliklinikasının təcili tibbi yardım bölməsi, “Etalon Security” MMC-nin 19 saylı komandasının 15 nəfərlik mühafizə qrupu, Sumqayıt şəhər DYMİ-nin 24 saylı Yanğından Mühafizə Hissəsinin 2 ədəd yanğınsöndürən avtomobili və xilasetmə briqadalarının iştirak etdiyi tədbirin birinci mərhələsində Mülki Müdafiə qüvvələrinin düzülüşü, əmlak və avadanlıqlarının vəziyyəti nəzərdən keçirilmiş, şəxsi heyətin mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri kompleksində və fəlakətlərə qarşı mübarizədə rolu, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı nəzəri bilikləri yoxlanılmışdır. Həmçinin əhalinin mühafizəsi və fəlakətlərə qarşı mübarizə sahəsində Mülki müdafiənin rolu, mühafizə və xilasetmədə yeni texnologiyalardan istifadə edilməsi, peşəkar və təcrübəli kadr hazırlığı sisteminin yaradılmasının vacibliyi haqqında ətraflı məlumat verilmişdir.
Tədbirin ikinci mərhələsində şərti olaraq baş vermiş zəlzələnin təsirindən “Etilen-polietilen” zavodunun Etilen istehsalatındakı Butan-butilen fraksiyasının hidrogenləşməsi qurğunda meydana gəlmiş dağıntılardan sonra işçilərin təxliyəsi, dağıntıların altından insanların xilas edilməsi, eyni zamanda baş vermiş şərti yanğının yayılmasının qarşısının alınması və işçilərin maksimum mühafizə olunması məqsədi daşıyan məşqdə həyəcan siqnalının verilməsi ilə mülki müdafiə və yanğınsöndürmə dəstələri, həmçinin xüsusi xilasetmə qrupları özlərini hadisə yerinə çatdırmışlar. Mühəndis kəşfiyyat qrupu tərəfindən hadisə baş vermiş ərazidəki vəziyyət barədə məlumat toplanıldıqdan və karbohidrogenlərin havada yayılma miqdarı müəyyən edilərək Mülki Müdafiə Qərargahına məlumat verildikdən sonra, xəsarət alanların təhlükəsiz əraziyə çıxarılması, ilkin tibbi yardım göstərmək üçün sanitar posta təhvil verilməsi və ağır vəziyyətdə olanların təcili yardım maşınlarında şəhərin müalicə müəssisələrinə göndərilməsi, həmçinin elektrik, qaz və su xətlərində qəza-bərpa işlərinin aparılması əməliyyatları yerinə yetirilmişdir. Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin operafiv müdaxiləsi ilə zəlzələnin təsirindən deformasiyaya uğramış boru xətlərinin zədələnməsi nəticəsində karbohidrogenlərin yanaraq digər sahələrə keçməsinin qarşısı alınmaqla, yanğın söndürülmüşdür.
Tədbirin davam etdiyi müddət ərzində bütün qüvvələr qarşılıqlı fəaliyyət göstərmiş, peşəkarlıq nümayiş etdirmiş, pərakəndəliyə və çaşqınlığa yol verməmişlər. Keçirilən tədbirdə qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti