Dərd olar

Məqamı çatıbsa, niyə gizləyim,
Qoy açıq söyləyim, yoxsa dərd olar:
Mənim gözlərimə baxan gözlərin
Bir an özgəsinə baxsa dərd olar.

Kim deyər dərdini sinəndə saxla!
Sən kükrə çay kimi, sel kimi çağla.
Kürçaylı, gözlərin dolubsa. ağla,
Göz yaşı ürəyə axsa dərd olar!

İstərəm

Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.

Bir sən, bir mən olum, bir uçuq kaha –
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.

Yaşayım yüz il də, milyon da, min də –
Həyatım bitəcək;
Həmin o gündə
Sənin gözlərinin dərinliyində
Boğulmaq istərəm, batmaq istərəm.