Güldərən Vəliyeva 1959-cu ildə Göyçə mahalının Dərə kəndində anadan olub. Orta məktəbi 1977-ci ildə bitirib. Vətənin başı üstünü qara buludlar alan zaman Güldərən Vəliyeva da ailəsi ilə birlikdə Gəncə şəhərinə pənah gətirib. Şeirləri ilk dəfə “Aşıq Pəri” məclisinin ilk toplusunda dərc olunub. Bundan sonra “Qartal məskəni”, “Sözün qala divarı” almanaxlarında, dövri mətbuatda müntəzəm çap olunur.

Boynuma dolanan hicran qoluymuş

Sənlə görüşümə gəlməz gümanım,
Boynuma dolanan hicran qoluymuş.
Vüsala yetməyə yoxdur gümanım,
Eşqin-məhəbbətin sanki yoxuymuş.

Qəmli könlüm ha alışa, ha yana,
Arif odur hay eşidə, hay ana.
Haçalandı ömrüm yolu hayana,
Ayların, illərin həsrət yoluymuş.

O keçən günlərim gəlməz yadına,
Qıyarsanmı Güldərəni yad ana?
Hicran günlərini yazdın adına,
Sən adlı sevincim qəmlə yoğrulmuş.

Qorxuram

Qətrə-qətrə yığılmışam özümə,
Damla-damla tökülməkdən qorxuram.
Xana kimi toxunmuşam özümə,
İlmələnib sökülməkdən qorxuram.

Nəyi tutdu, nəyi andı ürəyim?
Kimi atdı, kimə yandı ürəyim?
Ögeyliyi nə tez qandı ürəyim?
Ürəyimə təpinməkdən qorxuram.

Sevdamızın əvvəlimi? Sonumu?
İlk arzumuz dəyişdimi yolunu?
Asanlıqla tapmamışam yolumu,
Bu yolumdan çəkilməkdən qorxuram.

Cənub həsrəti

Sərhəd məftilləri göz damarımdır,
Narahat gecəmdə qızarar, sancar.
Araz ürəyimin qızıl qanıdır,
Bir dəli həsrətdir, kükrəyər, coşar.

Vətən məhəbbəti paydı, butadı,
Arazmı o taya böldü bu dadı?
Sərhəd məftilləri elə budadı,
Baxdıqca baxışım çəkinər, qorxar.

Sənsənmi qanlısı, ey Xan Arazım?
Güldərən, günahı mən kimə yazım?
Vətən həsrətiylə ötən bu sazım
Sim-sim ötər, tel-tel yanar, odlanar.

Dedim

Göyçənin dağları cərgə-cərgədir,
Dağları görməyim güman-bəlkədir.
Əlac nəyə qalıb, ümid kimədir?
“Əlvida” demədim, “Hələlik” dedim,
O Ulu Göyçəmə dönərik dedim.

Göyçənin dağları dağlardan göyçək,
Yazda ətir saçır hər gül, hər çiçək.
Sərin bulaqlardan doyunca içək,
Şehli çəmənində itərik dedim,
O Ulu Göyçəmə dönərik dedim.

Cənnətdir Göyçənin hər bir bucağı,
Şairlər yurdudur isti qucağı.
Miskin Abdal, Seyid Bayram ocağı,
Gedib ziyarətin edərik dedim,
O Ulu Göyçəmə dönərik dedim.

Susub Aşıq Alı, küsüb Ələsgər,
İman geri dönməz, dirilməz Bəylər.
Bizdən gileylidi nənəmiz Həcər,
Dolanıb başına öpərik dedim,
O Ulu Göyçəmə dönərik dedim.

Ozanımız qərib oldu, dinmədi,
Gümanımız itik düşdü, dönmədi.
Ünvanımız nömrələnmiş döngədi,
Laləli düzlərdə itərik dedim,
O Ulu Göyçəmə dönərik dedim.

Gavura qalıbdı doğma diyarım,
“Koroğlu qayası”, “Qızlar bulağım”,
Göyçə gölüm, o nərgizli yaylağım,
Gedib o torpaqda ölərik dedim,
O Ulu Göyçəmə dönərik dedim.

Neçə ləqəb qoydu qaçqına zaman,
Bu zülmə ağılar dedimi Bəhman?
Güldərən, ürəkdən gülmədi Tərlan,
Gedib göz yaşını silərik dedim,
O Ulu Göyçəmə dönərik dedim.

***
Dünyanı seyr edən, ay vətən oğlu,
Öz ana yurduna gəlsənə gedək.
“Gədölən” dərədən çıxaq yuxarı,
“Qatarqaya”dan da bu yana enək.

“Mamalı yolu”ndan keç “Rusqırılan”a,
“Zirnicli bulaq”dan qalxaq “Qısır”a.
Oradan enəndə “Oruc oğlu”na,
“Piyalə bulaq”dan doyunca içək.

“Qısırın boynu”nda bir ayaq saxla,
“İsgəndər ocağı”na bir nəzir bağla.
Daşına üz sürtüb pirin qucaqla,
Çöküb diz üstünə torpağın öpək.

“Qaraçı yurdu”dur dağın ayağı,
“Sudəyən qaya”dan bir az aşağı.
Bax, “Bərə yeri”dir çayın qırağı,
Doqquzdəni yeyək, çiyələk dərək.

“Saqqızdı dərə”də gəzənlər hanı?
“Tüklü təpə”dədir futbol meydanı.
“Palıdlı meşə”si sorur halını,
Gəzdəyin başını gedək bir görək.

Elə ki, düşmüşük yolun ağına,
Gəl qonaq olaq “Qızlar bulağı”na.
Dodağını söykə buz dodağına,
Göynəyə-göynəyə biz sərinləyək.

“Danalıq” bəzəkli cehiz xalısı,
“Qoç qoruğu” onun bəylik xonçası.
“Nazlı bulağı”nda üzən sonası,
“Lilparlı dərə”dən gəl bir də keçək.

Dolama yollarda durmur ayağım,
Nə gözəl qaynayır “Çoban bulağı”m.
“Qara quzeyin başı” sərin yaylağım,
Əl-ələ verək biz, ürəklə gəzək…

“Ağ qaya”dan kəsə çıxa biləydim,
“Koroğlu” qayasından baxa biləydim.
“Gur bulaq” tək coşub axa biləydim,
Dərəni, təpəni gəl bir-bir gəzək.

“Gur bulaq”dan aşdı el “məntəqə”yə,
Hərə bir tərəfdə qurubdu dəyə.
Artıq ehtiyac yox, bir söz deməyə,
Obada oturub duz-çörək kəsək.

“Məntəqə”dən bəri, “Xınna”ya aşdım,
Gördüm gözəlliyi, düzü, mən çaşdım.
Elə bil sehrli qapılar açdım,
Qırmızı lalədən donunu biçək.

Xaşxaşı yeyirsən təzə bal kimi,
Baxırsan bu yurda nitqi lal kimi.
İstərəm başına atıb şal kimi,
Laləyə qarışıb bu çöldə bitək.

“Məntəqə” olubdur elin yaylağı,
Çalxanır nehrəsi, tutulur yağı.
Pendiri, motalı, təzə qaymağı,
Köpüklü südündən gəl biz də içək.

Şəlalə dərədə düşübdü səsə,
Üzünə bir sərin dağ yeli əsə.
Bu yerdə çiçəklər düşübdü bəhsə,
“Solmaz çiçəyi”ni çəməndə seçək.

Güldərən, xəyalın yolları aşdı,
Fikrin ana yurdu yenə dolaşdı.
Göyçəni tərk edib elləri, qaçdı,
Kaş “Göyçə gölü”ndə bir dəfə üzək.

Səsinə gələrəm

O yovşan qoxulu çöllərdən ötrü,
O qızıl saçaqlı sünbüldən ötrü,
Bir ovuc torpağın ətrindən ötrü,
Səsinə gələrəm, anam, gələrəm,
Yuxuna girərəm, anam, gələrəm.

Bir qumral, qaragöz əmlikdən ötrü,
Qantəpər, kəkotu, yemlikdən ötrü.
Marallar ürküdən gədikrən ötrü,
Səsinə gələrəm, anam, gələrəm,
Yuxuna girərəm, anam, gələrəm.

O cütçü babanın “hoy”undan ötrü,
Köhnə dəyirmanın noyundan ötrü,
Dəmirçi oğlunun boyundan ötrü,
Səsinə gələrəm, anam, gələrəm,
Yuxuna girərəm, anam, gələrəm.

Qala buxarına, hisli sacına,
Qabarlı əlinə, əlçim saçına,
Mən sənin məhəbbət ehtiyacınam,
Səsinə gələrəm, anam, gələrəm,
Yuxuna girərəm, anam, gələrəm.

Bayatılar

Əziziyəm, ha sarı,
Aşmaq olmur hasarı.
Yaramı yar qanadıb,
Ha düyünlə, ha sarı…
***
Əzizim, bilməyənin,
Öyrənib bilməyənin.
Dərdini mənə verin,
Dərd çəkə bilməyənin.
***
Əziziyəm, bilməzdim,
Ağlayardım, gülməzdim.
Səndə də vəfa yoxmuş,
Mən ki, belə bilməzdim.
***
Əziziyəm, gül balam,
Çiçək balam, gül balam.
Gecə-gündüz iylərəm,
Mənim qızılgül balam.
***
Əziziyəm, o damda,
Kimlər yaşar o damda?
Mənə atəş nə lazım?
Atəşəm də, odam da!
***
Əziziyəm, o damda,
Gözüm qaldı odamda.
Yarım elə yandırıb,
Çınqıyam da, odam da!

Gözəl

Bir gözəl əyləşdi məclisimizdə,
Duruşumu gözəl, özümü gözəl.
Bülbülün cəh-cəhi var nəfəsimizdə,
Dilimi gözəldi, sözümü gözəl?

Elə bil ay doğdu on dörd gecəlik,
Bənövşətək boynun bükdü, kövrəldik.
Saçları dağıldı, ah, nə gözəllik,
İlahi, telimi gözəldi, üzümü gözəl?

Baxışından sezdim, qəlbi qubardı,
Könlüm kabab kimi közə qalandı.
Kirpiyi ox olub elə tuşlandı,
Sandım nişan alıb gözümü gözəl.

Gözəlliyə çəpər çəkəndi fələk,
Zaman ömrümüzü ələyən ələk.
“Olum”la-“ölüm”ün səddi bir çərək,
Bəxtinə arzula dözümü, gözəl.

Şükür, Yaradana qul oldum, Allah,
Güldərən gözələ gül oldu, Allah.
Alışdım, qovruldum, köz oldum, Allah,
Kösövlə qurdala közümü, gözəl.

Qocalırıq

Xəyanət körpüsü, namərd gəmisi,
Könülsüz-könülsüz sıralanırıq.
Tağları qurumuş bostanlar kimi,
Naşılar əlində uralanırıq.

Sinəmi tuş aldı nadan qınağı,
Əsdikcə payızın soyuq sazağı.
Üfürə-üfürə sönmüş ocağı,
Höyüş kösövlərə hey qalanırıq.

Qəlbim kül altında inləyir köz-köz,
İndən belə sızıltıya döz ki, döz.
Xətrimizə dəyir hər kiçicik söz,
Özcə kölgəmizdən qaralanırıq.

Tanışdan-bilişdən uzaqlaşırıq,
Nimdaş xatirəylə qucaqlaşırıq.
Nəvələr yanında uşaqlaşırıq,
Deyən yavaş-yavaş biz qocalırıq.

Güldərənəm, gülüm çölün düzündə,
Dağ aşıram qabar əlim dizimdə.
Bircə pöhrə göyərərmi izimdə,
Yarpaq-yarpaq ömürdən talanırıq.

Görüm

Dünyanın düz olmayan düz dərdini,
Qızların bəxtə küsən duz dərdini,
Ürəyimin üşütdürən buz dərdini
Kövrəlib də çəkə bilsən, çək görüm.

Saçımda ağ kağızın boz kölgəsi,
Dərdim baxışımın toran döngəsi…
Ömrə eşqim ömürdən də ötəsi,
Dizlərinə çökə bilsən, çök görüm.

Vaxtsız qonaq qocalıqmı?
Gəldimi?
Ufuldadan, sızıldadan dərddimi?
Düşmənimə açılmayan dərdimi
Dost ovcuna bükə bilsən, bük görüm.

Elə yığdıq tərəziyə daş-başı,
Qoyduq sələmlərə qalan daş-qaşı.
Ətəyimdən bu inadkar “Beş daş”ı,
İzlərimə tökə bilsən, tök görüm.

Bəxt yazan bəxtimi aldatdı daha,
Tökmə, qəm sandığım qat-qatdı daha.
Qəlb evim şüşətək çat-çatdı daha,
Sən Güldərən, tikə bilsən, tik görüm.