Məhəmmədhüseyn ŞƏHRİYAR.”Yalan dünya”

images

Bu dünya fanidir, fani,
Bu dünyada qalan hanı?
Davud oğlu Süleymanı
Təxt üstündən salan dünya.
Xəstə Qasım

Sənin bəhrən yeyən kimdir?
Kiminkisən? Yeyən kimdir?
Sənə doğru deyən kimdir?
“Yalan dünya, yalan dünya!”

Səni fərzanələr atdı,
Qapıb divanələr tutdu,
Kimi aldı, kimi satdı,
Satan dünya, alan dünya,

Atı əzəl dağa saldıq,
Yorulduqca dalı qaldıq.
Atı satdıq, ulaq aldıq,
Yəhər oldu palan, dünya.

Çatıb səndən keçən keçdi,
Əcəl camın içən keçdi,
Olan-oldu, keçən-keçdi,
Nə istirdin alan dünya.

Boğulaydın doğan yerdə,
Doğub, xalqı boğan yerdə,
Oğul nəşin oğan yerdə
Ana zülfün yolan dünya.

Qazanıb, hey talanıbsan,
Qalanıb hey calanıbsan,
Əzəldən çalxalanıbsan,
Yenə də çalxalan, dünya!

Nənə qarnı ilk beşiyin,
Qəbristanlıq sən deşiyin.
Nə içərin, nə eşiyin,
Qaranlıq bir daları dünya.

Səni bayquşlar alqışlar,
Dəli viranəni xoşlar.
Dolan əqlə səni boşlar,
İçi boşla dolan dünya.

Sənə Qarunlar allandı,
Qızıldan təlli qallandı,
Batıb zülmatə quylandı,
Ölüb təlli qalan dünya.

Ocaq ikən sönəymişsən,
Çanaq ikən çönəymişsən,
Nə pis qan nənəymişsən
Nağıl! Yalan-palan dünya.

Biri ayna, biri pasdır,
Biri aydın, biri kasdır,
Gecə toydur, səhər yasdır,
Gül içində solan dünya.

İgidlərin başın yeyən,
Qocalar bozbaşın yeyən,
Qəbirlərin daşın yeyən,
Özü yenə qalan dünya!

Nə qandın, kim gül əkəndir?
Kim qılınc tək qan tökəndir?
Teymur hələ kürəkəndir,
Çingiz canın alan dünya.

Yaman qurğu, yığılaydın!
Tufanlarda boğulaydın!
Noleydi bir dağılaydın,
Bizi derdə salan dünya.