İstidən kənd-kəsək canı payında
Kölgəm tula kimi düşüb ardıma.
Yayın istisində, cırhacırında
Ezam olunmuşam doğma yurduma.

Çıxdan ayrılmışam… Çırpınır ürək…
Qalmayıb bu yerdə damcı izim də.
Tanınmaz olubdur doğma kənd-kəsək,
Tanınmaz olmuşam elə özüm də.

Dəyişib hər nə var ələmdən, dərddən,
Şikayət eyləmə, ey könül, kiri!
Bir vaxt tifil idid çıxanda kənddən,
İndi şair kimi dönmüşəm geri.

Döyür yaddaşımı biçənək ətri,
Təbəssüm görürəm hara “cumuram”.
Doğma kənd-kəsəyə dönməkdən ötrü,
Dövlət pul umur, para umuram.

Hara üz tuturam yetişir “haqqım”,
Döyən gətiribdir tifilin baxtı.
Çöldə, tarlalarda tər tökən xalqın
Şeir dinləməyə hardadır vaxtı?!

Səhər dumanını geyib əynimə
Özüm bu yerlərdən az keçməmişəm.
Atamla yanaşı, çiyin-çiyinə,
Şitil də əkmişəm, ot da biçmişəm.

Atam hər üzünü görüb həyatın.
Atsız keçinməzdi, çatlardı bağrım.
-Ay ata, görünmür heç kürən atın?
-At minən çağlarım ötüşdü, oğlum!

ƏLİŞAD, gəl daha buradan gedək,
Aparaq bu yurdun nəmli gözümdə.
Tanınmaz olubdur doğma kənd-kəsək,
Tanınmaz olmuşam elə özüm də.