Cəsarət və həqiqət

Özünüzü cəsarətli və səmimi birisi hesab edirsiniz? Suala cavabınız müsbətdirsə, suallara cavab verərkən cəsarətli və səmimi olmalısınız.

Hazırsınızsa, başlayaq.

Cəsarət:

1.Cəsarətinizin dayanacağı son məntəqə, ən cəsarətli addımınız nə ola bilər?

Cəsarətimin son dayanacağı tək qaldığım günə qədərdir. Gərək cəsarətli olmağın üçün tutarlı səbəbin və ya səbəblərin olsun. Ən cəsarətli addımımı sevgiyə görə atmışam. İkinci dəfə inanmıram bu addımı atam…Məncə, atmayacam da!…

2.İctimai yerdə aqressiya görürsünüz, ya da kimsə ağlayır, intihar etməyə çalışır, ya da ki, terrorçu ilə eyni məkandasınız, bu üç durumda nə edərsiniz?

İctimai yerdə aqressiya görəndə səbəbini araşdırıram. Bəzən fikir vermirəm. Kənardan izləmək daha çox maraqlıdır. İnsan ağlayanda ürəyi dolu olur, ümumiyyətlə danışmağı sevir. Yaxşısı budur ağlaya-ağlaya danışsın, mən də dinləyim,arada dəstək olmaq üçün “can, ağlama deyim”. İntihar edən qadın olsa elə dərd danışaram ki, öz gününə şükür edər. Kişi olsa, son dəfə yaxşılıq etməsini istəyərəm. Mənə borca pul verməsini istəyərəm. Zarafat edirəm. Düzü,özümü itirərəm. Terorçu ilə eyni məkana düşsəm polisə, ya da yanımda güclü-qüvvətli adam olsa ona deyərəm. Terorçu qadındırsa gücüm çatar, kişiyə gücüm çatmaz.

3.Bir nəfərdən çox xoşunuz gəlir, onu istəyirsiniz, bunu ona etiraf edərsinizmi, sizə belə etiraf etsə kimsə, onunla sevişərdinizmi?

Xoşum gələn insanla sevişmərəm. Çox adamdan xoşum gəlir. Hamısı da üzümü o tərəfə döndərənəcəndir. Ruhumu titrədən insan olsa, həyatımı birləşdirmək şərti ilə….

4.Sizin seçiminiz: sevgisiz seks, sevişmə, yoxsa sevişmə və seks olmadan sevgi?

Sevgisiz heç birinin gözümdə bir qəpik dəyəri yoxdur.

5.Sevgi etirafını, eləcə də sevgi bitərkən ayrılmaq istəyini bildirmək cəsarət tələb edir, yoxsa, səmimiyyət?

Sevgi etirafı hər zaman cəsarət tələb edib. Qarşındakı insanın cavabını bilmədiyin üçün. Səmimi ayrılmağı hər adam bacarmır təbii… Daha çox riyakarlıq olur. Səmimiyyət olsa daha yaxşı olar.

Hansı istək, hərəkət, təxəyyül və sözünüzə görə sizi qınayarlar, buna baxmayaraq, bu istək, hərəkət, təxəyyülün gerçəkləşməsindən və sözdən vaz keçməzsiniz?
Məsələn desəm ki, xaricdə oxumaq istəyirəm və ya xarici vətəndaşla ailə qurmaq istəyirəm, qınamaq nədi, məni topa tutarlar. İmkanım olsa təbii oxumaq istərəm. Düzü, xarici vətəndaşla evlənmək fikrim olmayıb. Heç vaxt da olmayacaq deyə bilmərəm. Sevgiyə dəyər verirəm. Hər an hər şey ola bilər.

7.Bildiyiniz və söydüyünüz ən abırsız, pis sayılan söyüş?

Əsəbləşəndə və ya zarafata tez-tez işlətdiyim söyüş: Şərəfsiz!

8.İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?

Bu sualı bir dəfə də vermişdilər mənə. Cavab verə bilməmişdim. Düşünmüşdüm, yenə də cavab tapa bilmədim. Cavab verə bilməyəcəm.

Şəxsi münasibətlərdə dominant, aktivsiniz, yoxsa tabe olan passivsiniz?
Həmişə aktiv ola bilmərəm. Passiv olanda da qarşımdakının aktiv olmasını istərəm.

10.Hansı heyvan sizin xarakter və düşüncənizə yaxındır?

Bəzən tülkü, bəzən canavar, bəzən qu quşuna bənzədirəm özümü.

Həqiqət:

1.Bu vaxtadək gizlətdiyiniz həqiqətiniz və yalanınız?

Bir-neçəsi var. Amma o yalan da, həqiqət də mənimlə qəbrəcən gedəcək.

2.Ata və ya olmaq, uşaq sahibi olmaq üçün ailə qurmaq mütləqdir? Birisi gəlib, desə ki, mən sənin bacın və ya qardaşınam, necə münasibət bəsləyərdiniz? Onu qəbul edər və sevərdinizmi?

Mənim üçün uşaq sahibi olmaq üçün ailə qurmaq vacibdir. Çünki bir uşağa ana olmaqla bərabər ata olmaq istəmirəm. Elə bilirəm tək başıma o uşağın yükünü daşıya bilmərəm. Düzü, daşımaq da istəmirəm. Mənə bacınam, qardaşınam deyənlər olub, qəbul eləmişəm, amma sevməmişəm. Sevdiyim insana niyə bacı-qardaşı gözüylə baxmalıyam? Məncə bu özünü aldatmaqdır və uşaq hərəkətidir.

3.Saymağı bacarırsınızsa, yaddaşınız sizi darda qoymursa, deyin, o, neçəncidir? (burada o-şəxs əvəzliyidir)

Dəqiq yaşımı vurub keçməmişəm)

4.İnsanlardan ayrılmağınızın səbəbi nədir?

Yersiz qısqanclıq, həddindən artıq diqqət, həddindən artıq diqqətsizlik.Nadir hallarda xəyanət.

5.Bu ifadəni tamamlayın: Yaşım qədər

Yaşım qədər kitab oxumuşam)

6.Sevgiliniz və ya dostunuzun homoseksual və ya biseksual olduğunu bildiyiniz zaman, qarşı tərəfin təsdiqləməsindən sonra nə edərsiniz?

Dostumdan yox,amma sevgilimdən ayrılardım. Dostumun şəxsi həyatına və seçiminə qarışa bilmərəm. Özü bilər.

7.Pul müqabilində varlı xarici vətəndaşla ailə qurarsınızmı?

Nəinki xarici, heç öz ölkəmin vətəndaşıyla ailə qurmaram.

8.İntihar etsəniz, səbəbi nə olar?

Düşmən əlinə keçməmək üçün yəqin.

9.Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?

Əsas cəsarətdir. Ölkədə hamı həqiqəti görür, amma cəsarətləri yoxdur, susurlar.

10.Öləndən sonra sağlam daxili orqanlarınızı donor kimi hədiyyə edilməsini vəsiyyət edərsinizmi və surroqat ana və ya ata olmağa necə yanaşırsınız, donor olmağa razı olardınızmı?

Öləndən sonra razıyam. Orqanlarımı donor kimi hədiyyə etsinlər. Amma surroqat ana olmaram. Düzü qəbul da etmirəm.

Həm həqiqət, həm cəsarət:

1.Qanunu necə və nə vaxt pozmusunuz?

Mənə sərf eləməyəndə pozmuşam. Daha çox tələsəndə pozduğum qanunlar olub.)

2.“O”nunla qarşılaşsanız, ilk sualınız?

Niyə qarşıma çıxdın?

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Həqiqətlə birləşmiş cəsarəti seçərdim.

Mənlə bağlı:

Mənə cəsarət edib, verəcəyiniz sual, deyəcəyiniz söz varmı? — Mənimlə bağlı hansı həqiqəti bilmək istəyirsiniz?

Feminist olub-olmamağınız mənə maraqlıdır.

Feminist deyiləm, qadının da, kişinin də səhvlərini görürəm, iradımı bildirir, tənqidimi edirəm, cinsindən, yaşından, irqindən, milliyətindən asılı olmayaraq hamıya eyni yanaşıram.