Maestronun mənzil muzeyində 6 mindın çox eksponat qorunub saxlanılır

Maestronun adını daşıyan mənzil muzeyi, istər onun təmayülünü, istərsə də şəxsiyyət kimi insani mahiyyətini tarix üçün əbədi olaraq arxivləşdirib. 30 ilə yaxındır ki, muzey kimi fəaliyyət göstərən bu ocaq xalqımızın maddi-mənəvi xəzinəsi və tarixi sayılan böyük şəxsiyyət-Niyazini ürəklərdə yaşadaraq onun mükəmməl yaradıcılığının mühafizəkarına çevrilib. Maestro bu mənzildə 1958-ci ildən ömrünün sonunadək, yəni 1984-cü ilədək yaşayıb, yaradıb. Muzeyə daxil olanda sanki maestro ilə qarşılaşırsan. Maestronun divardan asılan böyük tablosu səni salamlayır, bir anlıq onunla eyni millətin övladı olmağınla fəxr edirsən. Bir növ özünü onun müasiri kimi hiss edirsən. Memorial otaqlar, ekspozisiya zalı və qonaq otağı- hər birində maestronun özünü, onun böyüklüyünü və dahiliyini hiss edirsən.

Muzeydə yaşayan ömür

Bu tarixi məkanla yaxından tanış olmaq üçün muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramovla həmsöhbət olduq. Rza müəllim deyir ki, son iki ildə muzey tərəfindən maestro yaradıcılığına aid bir çox materiallar əldə olunub. Bunlar əsasən fotolar, kitablar, proqramlar, sənədlər, afişalar, rəsm əsərləri, DVD və CD disklərdir. Təkcə 2017-ci ildə əldə olunmuş materialların sayı 72 ədəd olub. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Niyazi irsinin tədqiqi və təbliği istiqamətində xeyli işlər görüb.

Muzey Niyazi irsinin toplanması, qorunması, tədqiqi, təbliği və nümayişi istiqamətində də fəaliyyətini mükəmməl şəkildə qurub. Mənzil-muzeyin əsas vəzifəsi maestronun həyat və yaradıcılığını əks etdirən eksponatlar vasitəsilə xalqımızın yüksək mədəniyyətə, incəsənətə malik olmasını təbliğ etmək, gələcək nəsillərə Azərbaycan xalqının zəngin tarixini, mədəniyyətini tanıtmaqdır.

Rza Bayramovun sözlərinə görə, hər bir muzeyin siması onun zəngin fondları və eksponatlarıdır. Muzeyin sərvəti isə onun fondlarındakı eksponatların dəyəri və qədəri ilə ölçülür. Niyazinin mənzil muzeyi yaradılarkən əldə olunmuş materialların sayı 4707 ədəd olub. Hazırda muzeydə 6500-dək eksponat qorunub saxlanılır və nümayiş olunur. Bunlar əsasən Niyazinin müəllif not əlyazmaları, proqramları, sənədləri, kitabları, afişaları, rəsm əsərləri, qramvalları, fotoşəkilləri və şəxsi əşyalarından ibarətdir. Niyaziyə aid materiallar, eyni zamanda, Azərbaycan Tarixi Muzeyində 273 ədəd, S.Mümtaz adına Azərbaycan Dövlət İncəsənət və Ədəbiyyat arxivində 1604 qovluqda 4905 ədəd, Mərkəzi Dövlət Səsyazıları Arxivində 214 ədəd saxlanılır. Ümumiyyətlə, muzeyimiz Niyazi arxivinin zənginləşdirilməsi, təbliği və tədqiqi məqsədilə toplama işini həmişə diqqət mərkəzində saxlayır.

Niyazi dünya musiqi xəzinəsinin
tanınmış simalarının yaddaşında…
Muzeydə olarkən onu da öyrəndik ki, muzeyin əməkdaşları arxivlərlə ictimaiyyətin tanışlığı üçün məqsədyönlü işlər görür. “Piano üçün pyeslər” not kitabı və bu kitaba daxil olan əsərlərin CD diski də elə muzey işçiləri tərəfindən hazırlanıb. Niyazinin mənzil muzeyinin bukleti Azərbaycan və rus dillərində çap edilib. Bundan əlavə, çap edilən “Təsviri sənət əsərləri Niyazinin mənzil muzeyində” açıqca dəstinə demək olar ki, muzeydə saxlanılan görkəmli təsviri sənət ustalarının Niyazi ilə bağlı yazdıqları 16 ədəd əsərlər daxildir. Eyni zamanda, “Niyazinin arxiv materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində” illüstrasiyalı kataloqunu (burada Niyazinin not əlyazmaları, sənədlər, proqramlar və afişaların siyahısı fotoşəkillərlə birgə təqdim olunur) göstərmək olar. Bu işlərdə Mədəniyyət Nazirliyinin bilavasitə rəhbərliyi və maddi dəstəyi də önəmli rol oynayır. Muzeydə vaxtaşırı ölkəmizin musiqi həyatında baş verən əlamətdar hadisələrə həsr olunmuş tədbirlər, Niyazinin xatirə gecələri, sərgilər təşkil olunur. Bu istiqamətdə gördüyümüz işlər Niyazi yaradıcılığının təbliğinə yönəlib. Bu gün muzeyə elmi-tədqiqat işləri üçün müraciət edənlərin sayı da yetərincədir. Hər zaman Niyazinin fond materiallarından istifadə üçün muzeyə müraciət edən hər bir şəxsə, təşkilata, elm və mədəniyyət müəssisələrinin nümayəndələrinə film, o cümlədən veriliş çəkilişi üçün müraciət edən televiziya şirkətlərinə müvafiq qaydada imkanlar yaradılıb. Muzeyə mütəmadi olaraq arxivlərdən istifadə etməklə tədqiqat işləri aparmaq üçün müxtəlif tədris, elm və mədəniyyət müəssisələrinin nümayəndələri- bəstəkarlar, musiqişünaslar, ali təhsil ocaqlarının magistr və tələbələri müraciətlər edirlər. Eyni zamanda, hər il adı çəkilən tədris ocaqlarının tələbələri muzeydə tədris təcrübəsi keçirlər. Dünya musiqi xəzinəsinin tanınmış inciləri- dirijorlar, bəstəkarlar ölkəmizə səfərə gələndə həmkarlarını yad eləməkdən ötəri muzeyə baş çəkir, həmkarlarını yad edirlər. Son dövrlərdə muzeyi ziyarət etmiş məşhur musiqiçilərdən dünya şöhrətli dirijor Yuri Temirkanov və SSRİ Xalq artisti Tamara Sinyavskayanı xüsusi qeyd etmək lazımdır. Bundan başqa, Türkiyənin məşhur dirijoru Gürer Aykal, məşhur pianoçu İdil Biret, M.İ.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeylər Birliyinin baş direktoru M.A Brızqalov, görkəmli dirijor, Belarusun Xalq artisti, Belarus Milli Akademik Böyük Opera Teatrının baş dirijoru Vyaçeslav Voliç, Latviyanın tanınmış dirijoru Andris Vekumnieks və başqalarını göstərmək olar. Niyazinin mənzil muzeyi mövcud olduğu dövr ərzində Azərbaycan xalqının yüksək musiqi mədəniyyətinə, incəsənətə malik olduğunu təbliğ etmək və Niyazi irsinin gələcək nəsillərə çatdırılması naminə daim fəaliyyətdə olan canlı təşkilat statusunu qoruyub saxlayır. Çünki Niyazi sənəti əbədidir. Onun istedadı, yaradıcılıq fəaliyyəti və yorulmadan çəkdiyi böyük zəhmət əsl ümumxalq məhəbbəti qazanıb.

Maestronun mənzil-muzeyi dövlət qayğısı ilə əhatələnib

Ölkəmizdə muzeylərə diqqət və muzeylər şəbəkəsinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, həmişə muzeylərə böyük önəm verərək bu sahəyə diqqət və qayğı ilə yanaşıb. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızda muzeylərin, xüsusilə, tarix-diyarşünaslıq, xatirə, ev-muzeylərinin və digər profilli muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib. Bu gün də o ənənə davam etdirilir.

R. Bayramov söyləyir ki, maestronun mənzil-muzeyi və onun əməkdaşlarına dövlət tərəfindən yüksək qayğı göstərilir. Prezident İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətimizə və incəsənətimizə göstərdiyi yüksək diqqət və qayğı sayəsində Azərbaycan muzeyləri son illər inkişaf dövrünü yaşamaqdadır: “Bu qayğı bizi daha yaxşı işləməyə, mədəni irsimizi daha yaxşı təbliğ etməyə ruhlandırır. Əməyimizin mütəmadi olaraq bu cür yüksək qiymətləndirilməsi, bizə, sadə muzey işçilərinə böyük stimul olmaqla yanaşı, fəaliyyətimizə göstərilən diqqətin təzahürüdür. Buna görə ölkə rəhbərliyinə minnətdarıq. Göstərilən bu etimadı bundan sonra da doğrultmağa çalışacağıq”.

Ceyhun Alışlı
AZƏRTAC-ın müxbiri

Mənbə: https://azertag.az