Sentyabrın 28-də Heydər Əliyev Sarayında “Səyyah Sindibad” rok-operası təqdim olunacaq. Saraydan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq yazılan “Səyyah Sindibad” adlı əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur. İki il müddətində ərsəyə gələn operanın adı məşhur “Min bir gecə nağılları”nın ən maraqlı hissələrindən olan “Dəniz səyyahı Sindibadın nağılı”ndan götürülüb.

Multikultural layihə olan rok-operada dünya klassiklərinin şeirlərindən nümunələr, Azərbaycan, rus, ingilis, italyan, Çex dillərində mətnlər və eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri yer alıb.

Əsərdə Mikayıl Rəfiyev (Sindibad), Gülşən İbadova (Zöhrə), Emil Minyaşev (Qoruyucu mələk), Rizvan Sədirxanov (Bosman) çıxış edirlər. Həmçinin tanınmış musiqiçilər Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə, Ədalət Şükürov və digərləri də rok-operanı ifa edirlər.

Səhnə əsərinin musiqi prodüseri Emil Minyaşev, rəssamı Marina Kuznetsovadır. Musiqinin bir çox janrlarının yer aldığı əsər 40 dəqiqə davam edəcək.

Qeyd edək ki, əsərin müəllifi Rizvan Sədirxanov ölkəmizdən kənarda musiqi sənətimizin layiqli nümayəndəsi kimi tanınır. O, İtaliya Musiqi Akademiyasında təhsil alıb. İtaliyada Benyamin Cili adına tenorlar müsabiqəsində iştirak etmək hüququ qazanıb və xüsusi mükafata layiq görülüb. Rizvan Sədirxanova mükafatı XX əsrin böyük tenoru, dünya opera sənətinin ulduzu Franko Korelli şəxsən təqdim edib. Rizvan Sədirxanovun Mədəniyyət Nazirliyinin dəstəyi ilə dünya klassik musiqisinin incilərinin, Azərbaycan və xarici ölkə şairlərinin sözlərinə bəstələnmiş müxtəlif dillərdə mahnıların toplandığı “Səmimi qəlbdən” və “Şairin ürəyi” adlı iki musiqi albomu işıq üzü görüb. İtaliya, Rusiya, Türkiyə və İsraildə konsertləri, irimiqyaslı musiqi tədbirlərində çıxışları, ustad dərsləri baş tutub. Müxtəlif illərdə Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar, Fərhad Bədəlbəyli və başqa görkəmli müğənnilərlə eyni səhnədə çıxış edib. Rizvan Sədirxanovun Azərbaycan və xarici ölkələrdən olan tələbələri dünyanın məşhur musiqi akademiyalarında təhsil alır və opera səhnələrində çıxış edirlər.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan almaq olar.

Mənbə: https://azertag.az