Sızlama qəlbim, sızlama

Bu ürəyin nə günahı,
Sızlama qəlbim, sızlama.
Unut bu fəryadı, ahı,
Sızlama qəlbim, sızlama.

Yarpağın solur deyəsən,
Ümid puç olur deyəsən.
Bahar saç yolur deyeəsən…
Sızlama qəlbim, sızlama.

Açılmayır qaş-qabağın,
Pərişandır keyfin, halın.
Ağı deyir baxışların,
Sızlama qəlbim, sızlama,

Nadana könül bağlama,
Onu yadında saxlama.
Baxıb rəsminə ağlama,
Sızlama qəlbim, sızlama,

O sən təki səni sevməz,
Səni qəlbində gəzdirməz.
O zalımdır, sevə bilməz,
Sızlama qəlbim, sızlama,
Sızlama qəlbim, sızlama.

Niyə gəlmədin?

Səndən ayrılalı günlər il oldu,
Həsrət yağmurları qəlbime doldu.
Qara saçlarımı küləklər yoldu,
Gözlərim dörd oldu, niyə gəlmədin?

Mənə gəl-gəl dedin, özünsə getdin,
Zülmətə, dumana qarışıb itdin,
Yenə xəyallardan mənə əl etdin,
Gözlərim dörd oldu, niyə gəlmədin?

Rəsmini həsrətlə basdım bağrıma,
Məlhəm idi qasnax tutmuş yarama.
Bar vermədi becərdiyim barama,
Gözlərim dörd oldu, niyə gəlmədin?

Dəryada tufana qərq oldu gəmim,
Ondan sonra coşdu, çağladı qəmim.
Ağılar söylədim, tutuldu dilim,
Gözlərim dörd oldu, niyə gəlmədin?

Yaralı qəlbimə qəm gülü əkdin,
Nə vaxt çiçəkləyər? Gözümü dikdim,
Dərdi dərd üstdən yüklədin, çəkdim,
Gözlərim dörd oldu, niyə gəlmədin?
Gözlərim dörd oldu, niyə gəlmədin?