SALAM, AY ÖZGƏNIN SƏADƏT QUŞU

Hələ çatmamısan öz ünvanına,
Ancaq gözlərinə çöküb qaranlıq.
Salam, ay özgənin səadət quşu,
Yorulub çiynimə qondun bir anlıq.

Kimsənin qisməti deyil gərəyim,
Qəlbimə yüz həsrət sığınacaqdır.
Taleyim belədi, mənim ürəyim
Qərib sevgilərə sığınacaqdır.

Duyuram, ürəyin safdı, təmizdi,
Olmayıb heç zaman zaval yaxşıya!
Adın da, eşqin də mənə əzizdi,
Qalsan şad olaram, getsən yaxşı yol!

Hansı ürəyəsə düşən açarsan,
Ilk dəfə qalxırsan göyə sən hələ.
Bir az dincini al, sonra uçarsan,
Mənzilin uzaqdı deyəsən hələ…

Xalisdən ayıra biləndə qəlpi,
Nakam taleyinə qərib söyəcək!
Bəlkə nə zamansa sevdalı qəlbin
Mənim ürəyimçün qəribsəyəcək?!

Şairin başından çıxıbdır huşu,
Sevgi çəmənindən çiçək dər mənə.
Salam, ay özgənin səadət quşu,
Bircə lələyin də bəs edər mənə!

01. 09. 2001

BİR KÖRPƏ AĞ SEVİNC

Coşqun dağ selləri axıb, durulub,
Özünə zülm etmək, vallah, hədərdi.
Bu dünya əzəldən belə qurulub;
Əvvəli sevincdi, sonu kədərdi.

Həyat sarayında beş-on kərpic var,
Əcəl dəstələyir ömrü əlinə.
Dönür postamentə dərdlər, ağrılar,
İnsanlar çevrilir qəm heykəlinə.

Məni danlamayın sözümün üstdə,
Ürəyim fərəhlə döyünür hələ.
Kədərin qartımış dizinin üstdə
Bir körpə ağ sevinc böyüyür hələ…

SEVGİ MÜHARİBƏSİ

”Sevgi müharibəyə bənzəyir, onu başlamaq asan, dayandırmaq çətindir” – Sizi müharibəyə səsləyirəm…
Bir məktubdan

Başı sevgi havasıyla
dumanlanan bir qız
mənə ultimatum göndərib.
O, hələ müharibənin
nə olduğunu bilmir,
mənimsə ürəyimi
sevgi qoşunları
viranəyə döndərib…
Bəbəkləri işım-işım
işıldayır,
Baxşlarında
tufan qoxusu var.
O hələ bilmir ki,
işığa can atan ürəyin
ütülmək qorxusu var.
Mənə sevgi müharibəsi
elan eləyiblər;
içindən həsrət qoşunları
keçən ürəyim
həmişə səfərbərdi,
həmişə mətindi…
Ancaq bilirəm ki,
bir qız ürəyini fəth eləmək
Ölkə fəth eləməkdən
qat-qat çətindi…

17.05.2008

LAYLAY, QƏBƏLƏM,
LAYLAY

Torpağın içindəki
Şəhəri görmürsən bəs?
Ayağının altında
Tarix yatır, yavaş gəz!

Itirib-axtarmasaq,
Küsər Qəbələ birdən.
Qazıb üzə çıxartdıq
Qəbələni qəbirdən…
***
Qəbələ bir yüyrükdü,
Onu zaman tərpədir.
Qaraçay, Qocalançay
Sanki yüyrük ipidi.

Qaraçay, Qocalançay
Həzin-həzin oxuyar.
Bu yüyrüyün içində
Tarix gedib yuxuya.
***
Evinin, hasarının
Kərpici uçub lay-lay.
Laylay, gözümün nuru,
Laylay, Qəbələm, laylay!

Laylay, ulu şəhəri
Salan memar əlləri.
Laylay, evim-eşiyim,
Laylay, ötən illərim.

Laylay, düşmən oxuna
Sipər olan sinələr.
Laylay, ulu babalar,
Laylay, ulu nənələr!

Biz sizi unutmarıq,
Düşmənə uduzmarıq.
Yatın, arxayın yatın,
Yerinizdə biz varıq!

1985

BU PAYIZ ÖMRÜMDƏN
KÖÇÜNÜ ÇƏKDI

Həsrətin qanatdı könül yaramı,
Bir nakam məhəbbət içini çəkdi.
Ömrü xəzan oldu doğmalarımın,
Bu payız ömrümdən köçünü çəkdi.

Bu payız kövrəltdi məni yamanca,
Duydum ki, dünyada tənhayam, təkəm.
Baxıb yarpaqları qopan ağaca
Az qaldım gözümdən mən də yaş tökəm.

Payız neçə bağın, neçə ağacın
Saçına sehrli əlini çəkdi.
Daldım xəyallara mən acı-acı,
Gözümə ayrılıq dumanı çökdü…

2000