Uşaq ədəbiyyatının dünya miqyasındakı əhəmiyyətindən danışmaq həmişə nəinki lazımdır, həm də zəruridir. Yetişən gənc nəslin – uşaqların təfəkkürünün dərinliyi, dünyagörüşünün formalaşması, balaca balaların milliliyi və geniş eridusiyası bu sahədə çalışan yazıçıların sanbalından və qələminin zənginliyindən çox asılıdır.
Dağıstanın görkəmli şairi Rəsul Həmzətovun vaxtilə eşitdiyim bir çıxışı həmişə yadımdadır. O demişdi: ”Biz gəzməyə çıxanda uşaqları çiynimizə qaldırırıq ki, onlar bizdən uzaqları görsünlər”.
Şairin bu hikmətli fikri uşaq ədəbiyyatının qarşısında duran başlıca vəzifəni yerinə yetirmək – uşağa çox, bacardıqca çox bilik, mə’lumat, bilgi vermək zəruriyyətindən doğur.
Müasir dünyada sosial vəziyyəti həqiqətən ağır olan baxımsız uşaqlar hələ də az deyil. Dövlətlərin vəzifəsi bu vacib problemi diqqət mərkəzində saxlamaq, ona lazımi qayğını göstərməkdir.
Ölkəmizdə uşaq ədəbiyyatının inkişaf problemi ilə bağlı gözəl bir ən’ənə mövcuddur, sözsüz ki, sabah da mövcud olacaq. Bu baxımdan ”Ilin ən yaxşı kitabı”, ”Vətən”, ”Qızıl qələm”, ”Araz”, ”Tofiq Mahmud” ali ədəbi mükafatlarının laureatı, filologiya elmləri namizədi, tanınmış şair, ədəbiyyatşünas Rafiq Yusifoğlunun ”Uşaq ədəbiyyatı” (”Təhsil” nəşriyyatı, 2002) kitabının əhəmiyyəti böyükdür. Kitab hər cəhətdən – həm sosial, ictimai, həm də estetik cəhətdən kamildir, diqqəti cəlb edir.
Rafiq Yusifoğlu – bu sakit, mülayim, mədəni insan, həm də uşaqların sevimli şairidir. Müəllifin neçə-neçə şe’rlər kitabı məktəblilərin sevə-sevə oxuduqları kitablardandır. Onun, həqiqətən dəyərli şe’r kitabları nəşr olunmuşdur. Ancaq məhz ”Uşaq ədəbiyyatı” kitabında Rafiq Yusifoğlu özünü uşaq ədəbiyyatının kamil bilicisi kimi tam aydın mövqeyi ilə təsdiq etmişdir.
”Uşaq ədəbiyyatı” kitabı dərs vəsaitidir. Onun əsas ideyası bütövlükdə Azərbaycan, eləcə də dünya uşaq ədəbiyyatının görkəmli nümayəndələri haqqında yığcam məqalələr vasitəsi ilə onları tanıtmaq, habelə müəlliflərin əsərlərindən ən tipik nümunələri oxuculara çatdırmaqdır.
Kitab tərbiyəçilər, müəllimlər, tələbələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Bəri başdan deyək ki, belə lazımlı kitabın 500 nüsxə tirajla nəşr olunması, ən azı insafsızlıqdır. Tirajın belə az olması ona gətirib çıxarıb ki, çoxsaylı oxucu kitabsız qalıb.
Rafiq Yusifoğlunun Azərbaycan yazıçıları haqqında mə’lumatları üslubunun yüngüllüyünə, lakonikliyinə, aydınlığına, dəqiqliyinə və emosilnallığına görə seçilir. O, hər yazıçının öz yazı tərzi, öz üslubu olduğu kimi, məqalələri də bu baxımdan təkrarsızdır, özünəməxsusdur. Məncə, bütün bu məziyyətlər müəllifin oxucu qarşısında duyduğu məs’uliyyət hissindən irəli gəlir.
Kitabda müəllifin yazdığı sadə, aydın, ağıllı giriş sözünün də öz çəkisi var və xüsusi qeyd olunmağa layiqdir.
Bütün kitabı ümumiləşdirmiş olsaq, onu xüsusi qeyd etmək lazımdır ki, kitabın hər sətrində müəllifin mövzuya aydın mövqeyi və hədsiz məhəbbəti duyulur. Görünür, Rafiq Yusifoğlunu uşaq ədəbiyyatının problemləri daim qayğılandırır.
Sonda mən müəllifi, eləcə də Azərbaycan uşaq yazıçılarının yaşlı və gənc nəslini belə dəyərli kitabın nəşri münasibətilə təbrik edirəm.

”Ədəbiyyat qəzeti”, 18 aprel 2003-cü il.