Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə bəstəkarlar üçün “Nəsimi romans” adlı respublika müsabiqəsi elan olunub.

AZƏRTAC xəbər verir ki, “Nəsimi ili” çərçivəsində reallaşan müsabiqə gənc bəstəkarları şairin irsi ilə tanış etmək, gələcək fəaliyyətlərində peşə inkişafı, yeni musiqili dil və onun inkişaf yollarını axtarmaq məqsədi daşıyır.

Müsabiqədə 20-35 yaşarası akademik səviyyədə bəstəkarlıq təhsili olan, habelə bəstəkarlıq ixtisası üzrə məzun olan gənc bəstəkarlardan ibarət Azərbaycan respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqənin əsas ideyası Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası Nəsiminin poeziyasının gənc musiqiçilər tərəfindən öyrənilməsi, romans janrında müasir repertuarların yaradılmasıdır.

Müsabiqənin birinci mərhələsi 23-24-may tarixlərində reallaşacaq.

Müsabiqənin ilk mərhələsində gənc bəstəkarların 4-8 dəqiqəlik Nəsiminin sözlərinə yazılmış bir romans ifa ediləcək və münsiflər heyətinə təqdim olunacaq.

Müsabiqənin ikinci mərhələsi 29-30 may tarixlərində keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər

nasimicompetition@gmail.com elektron ünvanına mayın 10-dək əsərlərin notlarını və öz tərcümeyi-hallarını göndərməlidir.

Sonda qaliblər pul mükafatı və diplomla təltif olunacaq.

Mənbə: azertag.az