Dostum, incə barmaqların
Sədəflərin üzündədir.
Mənim meylim bir sazında,
Bir də şirin sözündədir.

Qarayazı meşəsində,
Cavan ovçu həvəsində,
Qulağın maral səsində,
Gözün ceyran izindədir.

Tarixi var hər daşın da,
Tərlanın on beş yaşında,
Bəzən qarlı dağ başında,
Bəzən Muğan düzündədir.

Baxan kimi sərraf gözün,
Təmtəraqlı yalan sözün
Canı yoxdur, dedin özün,
Məna sözün düzündədir.

Zaya getməz alın tərin,
Bir gün bitər şah əsərin,
Arzuların, diləklərin
Hələ sənin gözündədir.

Söz şairin ürəyində,
Zor binanın dirəyində,
Güc pələngin biləyində,
Pəhləvanın dizindədir.

Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa,
Günah onun özündədir.

Mənbə: Klassik Ədəbiyyat İnciləri