Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Budaq müəllim”

Haqdan qulağıma tanış səs gəlir,
Bir az yorğun gəlir, təngnəfəs gəlir,
Adını çəkirəm, adın nəs gəlir,
Dünya burtəhərdir, Budaq müəllim.

Biz həyat deyirdik, həyat yuxuymuş,
O bu gün varıymış, sabah yoxuymuş,
Şirini nəymiş ki acısı buymuş?
Şərbəti zəhərmiş, Budaq müəllim.

Çağırsam uzaqdı, səsim yetişməz,
Canda can yarası sızlar, bitişməz,
Mənsiz ötüşən iş sənsiz ötüşməz,
Əyən əyilərmiş, Budaq müəllim.

Ruhunmu toxunub bu şerin üstə?
Nə göyün altdayam nə yerin üstə,
Dünən yağış töküb qəbrinin üstə,
Göy otlar göyərmiş, Budaq müəllim.

Sən ki o vətənə qayıdasıydın,
Qaçqının, köçkünün soy atasıydın,
Təzədən böyüyüb boy atasıydın,
Bax, buna dəyərmiş, Budaq müəllim,
Dünya birtəhərmiş, Budaq müəllim!