SALAM-ƏLEYKÜM
Ustad Molla Cumaya

Salam sahibi haqqdı,
Haqqa Salam-Əleyküm!
Ədlü-Adil əyləşən
Taxta Salam-Əleyküm!
Küllü-aləm bir ola,
Bir anı əylədəmməz,
Vaxt bir Allah görküdü,
Vaxta Salam-Əleyküm!

Ötəridi hər nə var –
Dərddi, məzədi, meydi,
Onu bir bilən bilir-
Nə yamandı, nə yeydi.
Göz görür, ağıl kəsir,
Baxt-yığval ayrı şeydi,
Həm olan, həm olmayan
Baxta Salam-Əleyküm!

Yaz, İbrahim İlyaslı,
Söylə sözün ilkini,
Nə zamandı sinəndə
Bir həqiqət silkini.
Ustad, bir əməl yıxır
Könüllərin mülkünü –
Saxta Əleyküm-Salam,
Saxta Salam-Əleyküm!

İNDİ

Çəkdim qəmini də, nəşəsini də,
Tükətdim, dünyada bekaram indi.
Nə qəlbim ağrıyır, nə könlüm gülür,
Heç nəynən uyuşmur heç haram indi.

Yamanı, yaxşısı qalsın özünə,
Hərə qandığını təpsin gözünə.
Bir də inanmaram adam sözünə,-
Öz ali-Ağama nökərəm indi.

Dərviş olamadım, dərvişmisalam,
Ayıbıma koram, ağlıma lalam.
Hörülüb hasarım, qurulub qalam,-
Adım İbrahimə şikaram indi.

NƏ BİLMİŞDİN…

Nə baxarsan ağ varağa umudla –
Görmürsənmi, ilham səndən qaçaqdı?
Əlin saza, könlün sözə yatmırsa
Şair qardaş, demək, ruhun naçaqdı.

Demək, qəlbin qələminlə düz deyil,
Deyəcəyin sağəməlli söz deyil…
Görmürsənmi, göylər «hələ döz»- deyir,
Qanmırsanmı, qara damın alçaqdı?!

Niyyətini qat gözüyün yaşına,
Sürt üzünü torpağına, daşına.
Bir də dolan, beş də hərlən başına,
Nə bilmişdin… Şeir – Pirdi, Ocaqdı!!!