em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Varlığın əlçatmaz şirin bir yuxu,
Bir şirin xatirən, sözlərin durur.
Səninlə bağlıdı ömrümün çoxu,
Haraya baxıram izlərin durur.

Bilirəm yanımdan çəkilmir ruhun,
Məni hər bəladan qoruyur yenə,
Ən böyük dərdimdi indi yoxluğun
Qoymazdın yanımda dərd, kədər dinə.

Nurlu Günəş idin,mənalı həyat,
Adınla bağlıydı sevinc, səadət.
Mənə səma idin,mənə qol qanad,
İndi bu həsrətə dözürəm fəqət.

Sənsiz nəğmələrim qəmlidi ana,
Tamarzı qalmışam can kəlməsinə,
Gözlərim yaşlıdı, nəmlidi ana,
Bir nəğmə çatarmı ana səsinə.

Həsrətdən sızlayır sinəmdə yaram,
Səni unutmaram, bunu biləsən,
Gecələr qapımı açıq qoyuram,
Yuxuma gələndə rahat gələsən.