Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

Qəlbim yara, gözümdə yaş,
Duz yaranı göynədərmi?
Könlümdə buz, sevgim atəş.
Od buzları əridərmi?

Öz qarğışım tutub məni.
Dost nəfsinə satıb məni.
Kor quyuya atıb məni,
Haqq səsimi eşidərmi?

Şaxta vurmuş ürəyimi
Daşa dönmüş diləyimi
Xəzan olmuş gəncliyimi,
Qış günəşi isidərmi?

Sevgi yaşadar insanı,
Kindən,kinfrətdən yıxılar.
Aşkar olandan sarsılmaz,
İnsan qəflətdən yıxılar.

Doğru sanmam gördüyünü,
Fikirlərim cin düyünü,
Azalıbdır toy-düyünü,
Dünya matəmdən yıxılar.

Burnumda çiçək qoxusu,
Gözümdə səhər yuxusu,
Qəlbimdə hicran qorxusu,
Sevgim həsrətdən yıxılar.

Bərk sarıl haqqın ipinə,
Haram girməsin cibinə,
Hamı həyatın dibinə,
Öz zirvəsindən yıxılar.