Azərbaycanlı şair Əziz MUSA.”Əlvida deyək!”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

İşıqlı dünyaya çıxarıb məni,
Təzədən zülmətə atma amandı,
Mən günəş bilirəm, ayüzlüm səni,
Dərdindən ürəyim alışdı, yandı.

Hər gün yol gedirəm xəyallarımda,
Yoxdur bu sevgidə bəhanə, filan,
Mən səni görürəm röyalarımda,
Orda nə hiylə var, nə də ki, yalan.

Bu ürək dərdindən hey nalə çəkir,
Tanrı bizim üçün açır səhəri,
Gözlərim həsrətdən qanlı yaş tökür,
Qayıt gəl dilimdən sil bu qəhəri.

Sənli günlərimdə həyat bal dadır,
Sənsiz mən neyləyim ayüzlüm mənim.
Bəzən boş xəyallar adam aldadır,
Ay ürəyim, canım, ay gözüm mənim,

Sənsiz ürəyimi ovutmaz heç kəs,
Alışan qəlbimə su çilə bir az,
Bu necə gedişdi, bu necə həvəs,
Heç belə ayrılıq , belə naz olmaz.

Gəl, əvəzin çıxaq bu ayrılığın,
Gəl verək əl-ələ, sevinək, gülək,
Güllərlə bəzəyək sevgi otağın,
Həsrətə, hicrana əlvida deyək.