Hikmət MƏLİKZADƏ (Məlikzadə Hikmət Qəzənfər oğlu) 6 yanvar 1972-ci ildə Şamaxı rayonunda doğulub.1979-1989-cu illərdə Şamaxı rayon Qaravəlli kənd orta məktəbində orta təhsil alıb.1990-1992-ci illərdə sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olub.1993-cü ildən mətbuat sahəsində çalışır.
İki şeir, yeddi publisistik kitabın, yüzlərlə məqalə, rəy və resenziyaların, onlarla elmi məqalənin müəllifi, yüzlərlə kitabın redaktorudur.Bir sıra mükafatların, təşəkkür və diplomların sahibidir. Hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayır.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.«Yeni Təfəkkür» qəzetinin əməkdaşıdır.

***

Hər can bir adamı qaraya çəkir,
Hərə bir can dartır öz ağlığına.
Qayıt, ağ əzaba bükdüyün canın,
Diz çök qarşısında, döz ağlığına…

…Tabutdu elə bil o qara taxta,
Sənin nə vecinə ölən kimdi, qız.
Yaman naz atırsan, o da ruh verir,
Kaş, bircə biləydim kölən kimdi, qız…

Bir ömür bəs etmir bir sısqa eşqçün,
Özünə zəhmət ver, yu xəyalları…
Nə sevgi sənlikdir, nə sən sevgilik,
Çəkil, boşa verim bu xəyalları.

***

Sultanım, fərz elə bir dəstə gülsən
Bir yol qoxlamıram, sən də baxırsan.
Nədən hər Ay doğcaq duvağa girib,
Tək qoyub gəldiyin kəndə baxırsan?

Kimdir tora salıb baxışlarını?
Yoxsa sən salmısan dərdə kimisə?
Mən kiməm eləysə? Sən kimsən onda?
Susub gözləyirsən ərdə kimisə…

Əcəb kama çatdıq bu xəstə ruhla,
Kölgəmi üstünə yıxıb gedirəm.
Çətin başa vuraq bu ömrü sənnən,
Topla nəyim varsa, çıxıb gedirəm.