De kimə lazımdır, nəyə gərəkdir,
Dostların könlünə yatmayan şeir?!
Fəhlənin ruhunu qanadlandırıb,
Alimin ağlına batmayan şeir.

Yayın dağ ətrini, dəniz ətrini,
Qızılgül, göy sünbül, nərgiz ətrini,
Yaşarmı-torpağın təmiz ətrini,
Göylərin ətrinə qatmayan şeir?!

Yaxında alışıb, uzaqda yansın,
Tüstüdə boğulub, ocaqda yansın,
Kitabda alışıb, varaqda yansın,
Bu evdən o evə çatmayan şeir.

*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.