ÖMÜRLÜK SÜRGÜN

Səhərdən axşama qaçıram elə,
Deyirəm, mən də bir ağ günə çıxım.
Tutum ağ günlərin ağ əllərindən
Şükürlər içində sağ günə çıxım.

Mən özüm dünyada bir gün görmədim,
Gözlərim yol çəkdi o gündən ötrü.
Dedim, uşaqlara bir gün ağlayım,
Yaşadım ,ölmədim o güldən ötrü.

Məni uzaqlara aparan mənim
Qara buludlarda bir Gün kimidi.
Vətənsiz bir ömrə ömür demərəm,
Qürbət də ömürlük sürgün kimidi.

Bu dünya -evimdə mənim tək hanı
Vətəndə sərsəri,qürbətdə qərib.?!
Könlünə dəydiyim o gözəl pəri
Yenə göz yaşını mesaj göndərib.

Səhərdən axşama qaçıram elə,
Gecələr yatıram dərdi-sərimlə.
Hər sabah Günəşin çəkib şəklini
Asıram evimdə öz əllərimlə.

Unudulmaz məktub

Gəl bu gün səninlə biz uşaq olaq,
Tutaq əllərindən keçən günlərin.
Dəftər varağını yenə dörd büküb,
Sənə unudulmaz məktub göndərim.

Birdən qaçıb gedək çay qırağına
Oynaşaq qumların üzərində biz
İsti yanaqların qızarib yansın,
Yerdə öpüşəndə ləpirlərimiz

Sonra o qumları sığallayaraq,
Bir ürək şəklini cız barmağınla.
Süzüb o ürəyi sən bədahətən,
Altından adımı yaz barmağınla.