2010-cu ildə nəşrə başlayan və bu ildən fəaliyyətini “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri kimi davam etdirən “Ozan dünyası” jurnalının növbəti nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, ənənəsinə sadiq qalan jurnalın bu nömrəsində ozan-aşıq sənətinə və görkəmli ustad aşıqlara həsr olunmuş elmi və elmi-publisistik yazılar yer alıb. Oxucular bu nömrədə Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş iki elmi məqalə – professor Vidadi Orucovun “Aşıq Ələsgər fəlsəfəsində kamil insan tərbiyəsi” və Moskvada yaşayıb fəaliyyət göstərən professor Ələddin Allahverdiyevin “Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar”, Xalq şairi Zəlimxan Yaqubun ustad aşıq Kamandar Əfəndiyev haqda vaxtilə yazdığı “Bu gün hər dəqiqə onun yeri görünür”, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Şirvan bülbülü – Aşıq Şakir Hacıyev”, gənc tədqiqatçı Araz Yaquboğlunun “Aşıq Abbasəli Nəzərov” kimi məqalələri, eləcə də ustad aşıqlarımızın həyat və yaradıcılıqlarından bəhs edən digər yazılar və onların poetik yaradıcılıq nümunələri ilə tanış ola biləcəklər.

Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.