Mənə “Yüz il” arzulayan,
nə olacaq “Yüzdən” sonra?
yada salıb xatırlayan
nə salacaq “Yüzdən” sonra?

Daha mənə,dost,o zaman
fərq eləməz dağla-aran,
qurudunsa–Can aparan
nə alacaq “Yüzdən” sonra?

Lap-yerində qalsın huşun,
yaşıdı ol kor bayquşun,
həmsöhbətin,ya tay-tuşun
kim olacaq “Yüzdən” sonra?

Çəkil,get üzüyumuşaq,
inan mənə; oğul-uşaq
səndən canın qurtarmağa
çalışacaq “Yüzdən” sonra!

Cana hər cür azar gələr,
son bahartək yazlar gələr,
tiftiklənmiş astar gələr
didiklənmiş üzdən sonra!

Nə minməli belin qalar,
nə pul verən əlin olar,
adın eldə bəd hallanar,
(kül atılar közdən sonra).

Get…yansınlar boş yerinə,
çəkil,uzaqlaş-Yerinə,
ağlayanda-yaş yerinə
nə gələcək gözdən-sonra?

Yaşananlar-qismətimiz,
qorunmalı hörmətimiz,
gedək,abır-ismətimiz
gedə bilər üzdən–sonra.

Basa-basa səbrimizi,
qələm qazar qəbrimizi,
Vahid ƏZİZ,qədrimizi
ellər bilər bizdən sonra,
yaşamağın nə ləzzəti
“Yüzdən” sonra?
16,04,2022.