İyulun 14-də dünyaşöhrətli fotoqraf Reza Deqati “Theonestudio.az”da gənclərlə görüşüb.

AZƏRTAC xəbər verir ki, R.Deqati həvəskar fotoqraflarla öz peşə sirlərini bölüşüb.

Əvvəlcə tanınmış fotoqraf görüşə gələn gənclərin hər biri ilə tanış olub, onların bu sahəyə olan maraqlı fikirlərini dinləyib. O, iştirakçılara fotoaparatla işləməyə başlamazdan əvvəl özünəməxsus imza seçməsini tövsiyə edib. R.Deqati fotoqraflar üçün yaddaşlarda iz qoyacaq görüntüdən əlavə, imzalarının da önəmini diqqətə çatdırıb.

Məşhur fotojurnalist AZƏRTAC-a müsahibəsində gələcək planlarından da danışıb: “Bu gün gənclərə kameradan düzgün istifadə etməyi və ən əsası nəyi çəkməli olduqlarını öyrətdim. Dünyanın müxtəlif ölkələrində şagirdlərim var. Gələcək planım Azərbaycanda beynəlxalq foto məktəbi yaratmaqdır”.

Görüşdə bu sahədə yeni biliklər əldə etdiyini söyləyən Leyla Səttarzadə fikirlərini bölüşüb: “Reza Deqatidən yaxşı fotoqraf olmağın sirrini öyrəndim. Fotoda əsas olan həm insanların, həm də təbiətin ab-havasını dolğun şəkildə çatdırmaqdır”.

Digər iştirakçı Ruslan Cəfərzadə R.Deqatinin nümayiş etdirdiyi fotolardan təsirləndiyini dilə gətirib: “İşinin peşəkarı olan bir fotoqrafın öz təcrübələrini bizimlə bölüşməsi çox xoşum oldu. O, müxtəlif illərlə çəkdiyi fotoları bizə nümayiş etdirərək işinin incəliklərindən danışdı. Müharibə mövzusunda çəkilən şəkillər mənə çox təsir etdi”.

Dörd ilə yaxın fotoqrafiya ilə məşğul olan Tamerlan Almazov bu görüşdən sonra daha çox müharibənin fəsadları mövzusunda şəkillər çəkməyə üstünlük verəcəyini söyləyib.

Mənbə: https://azertag.az