Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” başlayıb. 25-30 noyabr 2022-ci il tarixində Bakı şəhərində gerçəkləşən Festival milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədi daşıyır.

Festivalın müsabiqə proqramına daxil edilən 12 tamaşa Təşkilat komitəsinə göndərilən 20-dən artıq tamaşa arasından seçilib. Bu tamaşaların 5-i Bakıda, 5-i rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür.

Bundan əlavə, Festivalın proqramında ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Bu ilki Festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, Festival günlərində seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyni adlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına baxa biləcəklər.

Festival çərçivəsində 24 noyabr tarixində Azərbaycan Respublikasının Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “A.P.Çexovun “Ayı” və “Təklif” qısa pyesləri əsasında əməli təhlil üsulunun tətbiqi” mövzusunda treninqi keçirilib.

Mənbə: https://culture.gov.az/