Hollivudda akkreditə olunmuş Xarici Jurnalistlər Assosiasiyası 2022-ci ilin yekunlarına əsasən “Qızıl qlobus-2023” mükafatı qaliblərinin adlarını açıqlayıb.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, 80-ci mükafatlandırma mərasimi Beverli-Hilzdə (Kaliforniya ştatı) “Beverli-Hilton” otelində keçirilib. Qaliblərin adları sıralama ilə təqdim olunub.

“Ən yaxşı rejissor” nominasiyasında Stiven Spilberq (Fabelmanlar), “Ən yaxşı ssenari” – Martin Makdona (Banşi İnişerina), “Ən yaxşı dram filmi” – “Fabelmanlar”, “Ən yaxşı müzikl və ya komediya” – “Banşi İnişerina”, “Ən yaxşı dram serialı” – “Əjdahanın evi”, “Ən yaxşı komediya serialı və ya müzikl” – “Abbott ibtidai məktəbi”, “Ən yaxşı miniserial və ya telefilm – “Ağ lotus” seçilib. “Xarici dildə ən yaxşı film” nominasiyasında “Argentina 1985”, “Dram janrında ən yaxşı qadın və kişi rolları” – Keyt Blanşett (“Tar”) və Ostin Batler (“Elvis”), “Dram janrında ən yaxşı ikinci plan qadın və kişi aktyoru” – Anjela Bassett (“Qara pantera: Əbədi Vakanda”) və Ke Hyu Kuan (“Hər yerdə və birdən”), “Komediya və ya müziklda ən yaxşı kişi və qadın rolu” – Mişel Yeoh (“Hər yerdə və birdən”) və Kolin Farrell (“Banşi İnişerina”), “Dram serialında ən yaxşı kişi və qadın aktyoru” – Zendaya (“Eyforiya”) və Kevin Kostner (“Yellouston”), “Komediya və ya musiqili serialda ən yaxşı kişi və qadın aktyoru” – Quinta Brunson (“Abbott ibtidai məktəbi”) və Ceremi Allen Uayt (“Ayı”), “Dram və ya komediya serialında ən yaxşı ikinci plan kişi və qadın aktyoru” – Tayler Ceyms Uilyams (“Abbott ibtidai məktəbi”) və Culiya Qarner (“Ozark”), “Miniserialda ən yaxşı ikinci plan kişi və qadın aktyoru” – Cenifer Kulidc (“Ağ lotus”), Pol Volter Houser (“Qara quş”) fərqləniblər. “Ən yaxşı cizgi filmi”nə “Pinokkio Qilyermo del Toro”, “Ən yaxşı soundtrek”a Castin Hurvitz (“Babylon”) və “Ən yaxşı mahnı” nominasiyasında “Naatu Naatu” (“RRR: İnqilab təhlükəsi”) “Qızıl qlobus”a layiq görülüblər.

Mənbə: https://azertag.az