Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Babək” baleti növbəti dəfə nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, Xalq artisti, bəstəkar Aqşin Əlizadənin ötən əsrin 80-ci illərində yazdığı və 1983-cü ildə Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun quruluşunda tamaşaya qoyulan “Babək“ baletinin günümüzlə səsləşən mövzusu onun yenidən səhnəyə qayıdışına səbəb olub.

Tamaşaya Xalq artisti Kamilla Hüseynova quruluş verib. İlk quruluşun librettosu əsasında səhnəyə qoyulan baletin librettosuna cüzi əlavələr edilib. Tamaşanın dirijoru və musiqi rəhbəri dirijorların A.Dorati adına müsabiqəsinin laureatı Orxan Həşimov, quruluşçu rəssamı isə Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

İki pərdəli tamaşanın dekorasiyaları Tehran Babayev tərəfindən hazırlanıb.

Qeyd edək ki, IX əsrdə xalq qəhrəmanı Babəkin ərəb istilaçılarına qarşı 20 ildən artıq bir müddətdə davam edən mübarizəsi Azərbaycan xalqının mübarizələrlə zəngin olan tarixində önəmli yer tutur və xalqımızın erməni işğalçılarına qarşı 30 ildən bəri davam edən Vətən müharibəsində qələbəsindən sonra “Babək“ baletinin səhnəyə qoyulması və nümayişi çox aktualdır.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 114-cü teatr mövsümünün ilk premyera tamaşası məhz “Babək“ baleti olub.

Mənbə: https://azertag.az