Yazıçı Varisin “Sonuncu ölən ümidlərdir” romanı yeni redaktədə, 7-ci dəfə təkrar nəşr olunub.

AZƏRTAC xəbər verir ki, “Azərkitab” yayınlarında nəfis tərtibatla çıxan kitabı bu gündən etibarən bütün kitab satışı mağazalarından əldə etmək mümkündür.

“Sonuncu ölən ümidlərdir” Varisin 2008-ci ildə – tam 15 il bundan öncə işıq üzü görən, 90-cı illərin sonlarında yazdığı ilk romanıdır. 10000 nüsxəlik ilkin tirajı və sonrakı 6 təkrar nəşri ilə, üstəlik, günü bu gün də qeyri-leqal konveyerlərdən çıxan on minlərlə pirat nüsxələri ilə, internetdən pdf formatının yarım milyona yaxın yüklənməsi göstəricisi ilə kitab sözün həqiqi mənasında kütləvilik qazanıb.

“Bakı Kitab Klubu” “Sonuncu ölən ümidlərdir”in ölkədə ən çox satılan kitab olduğunu rəsmən bəyan edib.

Roman 90-cı illərdə ölkə paytaxtında baş vermiş bir kriminal hadisəsinin araşdırılması nəticəsində ərsəyə gəlib, amma janr etibarı ilə detektiv deyil, sevgi romanıdır. İlk baxışda yeni dövrün sevgisini xarakterizə edir, amma daha dərinliklərə varır, yüz illərdir dünyada statistik insanın devizinə çevrilmiş “Məqsəd vasitələri doğruldur” təmrininə qarşı əks arqumentlər qoymaqla, bir növ didaktik əsər funksiyasına keçid edir.

Romanda ayrıca hər bir hissədə Azərbaycan poeziyasının ən gözəl lirik nümunələrinin təqdim edilməsi onun rənginə xüsusi rəng qatmaqla diqqət çəkir. Roman olduqca dramatik süjetli, təhkiyə olduqca sadə, oxunaqlıdır. Məhz bu da romanı geniş oxucu kütləsi üçün əlçatan edir.

Mənbə: https://azertag.az/