Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları və oxucular 18 aprel – Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar olaraq İçərişəhər Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil etdilər və “İnformasiya saatı” keçirdilər.

Kitabxananın əməkdaşları Təranə İsgəndərova, İradə Hüseynova, Gülnar Allahverdiyeva, Elvira Məmmədova, Elnarə Qarayeva və oxucular İçərişəhər Tarix-Memarlıq Qoruğunda Şirvanşahlar Saray Kompleksini, Yeraltı hamam və digər tarixi yerləri ziyarət etdilər.

“İnformasiya saatı”nda uzun müddət İçərişəhərdə baş mühafizəçi kimi fəaliyyət göstərən Esmira Kazımova çıxış edərək bildirdi ki,  İçərişəhərin memarlıq tacı sayılan Şirvanşahlar Saray Kompleksi Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin möhtəşəm rəmzidir. O, İçərişəhərin ən hündür nöqtəsində yerləşən Şirvanşahlar sarayı binasının 2 mərtəbədən, ümumi 52 otaqdan ibarət olduğunu bildirdi. O, kitabxananın əməkdaşlarını və oxucularını sarayın divanxanası ilə tanış edərək bildirdi ki, Saray kompleksin maraqlı tikililərindən biri də divanxanadır. Buradakı giriş qapısının üzərindəki yazı da binanın təyinatından xəbər verir. Divanxanaya daxil olan yerdə, qapının üstündə Qurani-Kərimdən götürülmüş yazıda deyilir: “Allah öz istədiyi insanları düz yolla aparır”.  Daha sonra o, Şirvanşah I Xəlilüllahın anasının və oğullarının dəfn olunduğu türbə, xüsusi maraq doğuran və xalq arasında “Dərvis türbəsi” kimi tanınmış Seyid Yəhya Bakuvinin məqbərəsi, islam mədəniyyətinin nadir nümunələrindən olan hamamxana binasının tarixi haqqında geniş məlumat verdi.

Esmira Kazımova bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı mədəni irsin qorunmasına təkan verdi. Bu nəhəng işin nəticəsi Şirvanşahlar Saray Kompleksi və Qız qalası ilə birlikdə Ümumdünya Mədəni İrs siyahısına daxil edilməsi oldu. O, Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə tarix-mədəniyyət abidələrinin mühafizəsi və bərpası istiqamətində mühüm işlər gördüyünü vurğuladı.

Kitabxananın Oxu zalının müdiri Təranə İsgəndərova çıxış edərək bildirdi ki, Azərbaycan xalqı qədim tarixə, tükənməz mədəniyyətə malikdir və İçərişəhər Azərbaycan xalqının milli sərvətidir.

Kitabxananın əməkdaşları və oxucular Şirvanşahlar Saray Kompleksinin eksponatlarına baxış keçirdilər. Daha sonra Təranə İsgəndərova  bir çox sirləri özündə gizləmiş Şirvanşahlar Saray Kompleksinin eksponatları haqqında maraqlı məlumatlar verdi.

Kitabxananın əməkdaşları və oxucular XVII əsrə aid Yeraltı hamama baxış keçirdilər. Hamamda yerləşdirilmiş qədim tarixi eksponatlar haqqında məlumatlandırıldılar.

Ümummili Lider, müasir Azərbaycan dövlətinin memarı, tarix və mədəniyyətin hamisi kimi xidmətləri kitabxanaçılar və oxucular tərəfindən böyük ehtiramla anıldı.