Dekabrın 19, 20 və 21-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qorxma, biz səninləyik!” tamaşa-konsertin premyerası olacaq.

Teatrından AZƏRTAC-a verilən məlumata görə, səhnə əsəri tanınmış rejissor və ictimai xadim, 1960-cı illərin KVN komandasının məşhur kapitanı, Azərbaycanın Xalq artisti Yuli Solomonoviç Qusmanın 80 illik yubileyi münasibətilə təqdim olunur.

Tamaşa 42 il əvvəl çəkilmiş “Qorxma, mən səninləyəm!” filminin yaradıcı heyətinin xatirələri əsasında hazırlanıb, bəstəkarı Xalq artisti Polad Bülbüloğlu, libretto müəllifləri Yelena İsayeva və Cavid İmamverdiyevdir.

Tamaşanın ideya müəllifi yubilyarın qardaşı, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandır.

Əfsanəvi azərbaycanlının yubileyinin vaxtilə çalışdığı teatrda qeyd olunması fikri isə tamaşanın bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevə məxsusdur.

Səhnə əsərinin quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Əliyeva, qrim üzrə rəssamı Aybəniz Hüseynova, rejissor assistenti isə Tamilla Aslanovadır.

Tamaşada Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Boris Qrafkin, Şövqi Hüseynov, Fərid Əliyev, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Rauf Babayev, Emil Heydərov, Nicat Əli, Leonid Kletz, Olqa Georgiyeva, teatrın xor və balet truppasının artistləri iştirak edirlər.

Premyerada yubilyarın özü ilə yanaşı, qardaşı Mixail Qusman, həmçinin Xalq artistləri Polad Bülbüloğlu, Aleksandr Şarovski, Həmidə Ömərova, Sərxan Sərxan və digər tanınmış sənət adamlarının iştirakı da gözlənilir.

Mənbə: https://azertag.az/