Şair-publisist Rafiq ODAY.”YARAŞDIRAQ”

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru

Bizə ağlamaq yaraşmır?
Gəl, ağlayaq, yaraşdıraq.
İkiəlli başımızı
Daraqlayaq, yaraşdıraq.

Olsun biri bəlkə mində,
Acısını gör kəmin də…
Divanəlik görkəmində
Məcnunsayaq yaraşdıraq.

Bir sümük, bir dəri qalaq,
Nə ölək, nə diri qalaq.
Lap hamıdan geri qalaq,
Bir az ayaq yaraşdıraq.

Bu karvanla sirr daşınır,
Atmaq olmur sirr daşını…
İnsan oğlu sirdaşını
satdı bayaq – yaraşdıraq.

Qılınclar qından yıxılar,
Bir qaşıq qandan yıxılar.
Yatanlar dandan yıxılar,
Gəl biz oyaq yaraşdıraq.

Ha söy, ha küfret dünyaya,
Neylər bu nifrət dünyaya?!
Bu iblissifət dünyaya
Bir ad qoyaq, yaraşdıraq…